image-qanunla-reklam
image-247688

Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu

image-lady-day-az

Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu.

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır, desək yanılmarıq. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi.

20 Yanvar faciəsi ərəfəsində Moskvada yaşayan Ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada analoqu olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında – bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda – öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Ulu Öndər Heydər Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi. Bu bəyanat, eyni zamanda, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasının anonsu idi.

20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.

Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun daha da yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib.

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlətimizin başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və sair bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuşdur. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.

Rəmzi Şirinov – Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbinin direktoru

 

 

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

10 May 2023-cü il tarixdə cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Şuşadan Azərbaycan xalqına müraciət edib. Çıxışı zamanı dövlət başçısı bildirib ki, Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Eyni zamanda İlham Əliyev qeyd etdi ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri var. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Prezident İlham Əliyev müraciətində 2-ci Qarabağ müharibəsinə də toxunaraq qeyd etdi ki, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq.

Sonda cənab Prezident İlham Əliyev qeyd etdi ki,  “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.”

Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır.

Hər bir xalqın, millətin mədəni yüksəlişində, dövlətinin möhkəmlənməsində onun böyük şəxsiyyətləri mühüm rol oynayır. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının lideri, xalqımızın böyük oğlu Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə, bacarığa malik dahi şəxsiyyət, eyni zamanda müasir Azərbaycanın qurucusu, onun hər qarış torpağı uğrunda canını əsirgəməyən yenilməz Ali Baş Komandanı idi.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə millətin xilaskarı, ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var idi.

Xalq məhz onu özünə rəhbər seçdi. Bu, demokratiyanın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti həm kommunist, həm “demokrat” hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan demək olar ki, blokadada olurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər, sanki, istəyirdilər ki, Naxçıvan da işğala düşsün. Ancaq xalq buna imkan vermədi, öz Lideri ətrafında sıx birləşmişdi.

Məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan erməni işğalına məruz qalmadı.

Heydər Əliyevin bu ağır zamanlarda xalqının imdadına yetişməsi isə həm daxili, həm də xarici düşmənləri ciddi təşvişə salmışdı. Yad ünsürlərin sayəsində Naxçıvana təzyiqlər get-gedə güclənir, respublika hərtərəfli blokada vəziyyətinə salınırdı. Bakı ilə əlaqə isə demək olar ki, kəsilmişdi. Lakin Heydər Əliyev mövcud problemləri öz qətiyyəti, əqli, zəkası ilə yoluna qoyur, xalqının nicatı üçün yorulmadan, usanmadan çalışırdı.

Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə – 1990-1993-cü illərdə muxtar respublikanı düşdüyü ağır vəziyyətdən, böhranlı günlərdən xilas etdi. Xalqını əsl nicat yoluna çıxararaq onun hərtərəfli yüksəlişinə nail oldu. Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri isə bu qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan MSSR adından Sovet Sosialist sözləri çıxarılmışdır. Sovet İttifaqının və sonra Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Ümummilli lider Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.

Emin Musayev – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır.

Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən biri 10 May tarixidir. Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini  böyük sevinc, fərəh hissi ilə qeyd edir. Təkcə Azərbaycan Respublikasında deyil, bir sıra başqa ölkələrdə də dahi şəxsiyyət, əbədi lider Heydər Əliyevə həsr olunmuş bir sıra tədbirlər təntənəli şəkildə  keçirilmişdir.

Bu gün bu bayramı könül rahatlığı ilə keçirməyimizin əsas səbəblərindən biri Şuşanın işğaldan azad olmasıdır. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Şuşanı azad görmək idi. Bu gün Şuşa azaddır. Azərbaycan xalqı sərbəst şəkldə öz doğma diyarında bayramını qeyd edir.  Şuşa bu gün yenidən dirçəlir, abadlıq işləri aparılır. Yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir. Bu da onun inkişafının əsas göstəricisidir. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu şəhər  bizim tarixi şəhərimizdir. Şuşa qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olardı.

Bu gün azad Şuşa sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Burada mühüm zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır.

Digər Azərbaycan şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Ulu Öndər Heydər Əliyevin atdığı addımlar Azərbaycan xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqdadır.

Məkkə Həmidova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Ulu Öndər Heydər Əliyev Naxçıvanı işğaldan qorudu.

 XX əsrin 90-cı illərində Azərbaycanda vəziyyət olduqca gərgin idi. Ölkədə siyasi pərakəndəlik baş alıb gedirdi. Xalq Ümummilli Lider Heydər Əliyevin ideyalarının altında birləşmək istəyirdi, lakin siyasi qüvvələr buna yol vermirdilər.

1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi buna imkan verməmişdir. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvanı böyük çətinliklədə olsa işğaldan qorudu. Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokada şəraitində idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı inkişaf etdirdi. Ümummilli Lider Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər şəkldə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədir, desant göndərir, çevrilişə cəhd edirdilər. Onlar Naxçıvanın işğal altına düşməsini istəyirdilər. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşdi.

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan uzaqlaşdırıldı. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdı. Bu Naxçıvanın uğuru idi.Ümummilli Lider Heydər Əliyevin qətiyyətli tədbirləri, yolundan dönməzliyi nəticəsində Naxçıvan işğal qorxusundan azad oldu.

Qabil Məmmədov – Zərdab rayonu Yuxarı Seyidlər kənd tam orta məktəbinin direkoru

 

 

Müstəqilliyin ilk illərinin acı mənzərəsi.

 XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.

Xalq hərəkatı 1988-ci il noyabrın 17-dən başlandı. Nümayişçilər indi “Azadlıq” adlanan meydana Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə gəlmişdilər. Meydanda isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam küçələri qapayan tankların, əsgərlərin arasından keçərək səngimək bilməyən meydana axışırdı. Mitinqçilərin sayı milyona çatırdı. Gecələr meydanda qalanmış tonqalların kənarında minlərlə adam qalırdı. Dekabrın 4-də gecə hərbçilər hücum edib meydanı zorla boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.

Dekabrın 31-də saat 13-də Araz çayı boyu 137 km Sovet-İran sərhədində həyəcanlar başladı. Sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.

1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Xocalı faciəsi ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında prezident Ayaz Mütəllibov istefa verməyə məcbur oldu.

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Ulu Öndər Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Eşqin Məmmədov Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi

 

 

Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.

Azərbaycan xalqı hər zaman ümid işığını Ümummilli Liderdə görürdü. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz Ulu Öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərqərar olundu. Azərbaycan Respublikasında əksər  sahələrdə inkişafa doğru müəyyən  addımlar atıldı. Bu dövrdən etibarən Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Ulu Öndər  Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması idi.

Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü davranışı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin böyük cəsarətlə həyata keçirdi. Prezident İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır .Onun xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü əbədi liderin ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib. 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib. Bütün bunlara görə xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur.

Dayangül Vəliyeva – Zərdab rayonu İsaqbağı kənd tam orta məktəbinin direktoru

 

 

 Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqının daim yanında olmuşdur. Sovet Azərbaycanı dövründə – 1969-1982-ci illərdə Azərbaycan ən geridə qalmış yerlərdən biri idi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası ən qabaqcıl yerlərə gəlib çıxmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı bu  illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda öz istiqamətlətini bərqərar etmişdilər. Həmin kadrlar bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.

Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu Öndərin  istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Azərbaycan xalqının ən ağır günləri, faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. XX əsrin doxsanıncı illərində yaşadığımız ən ağır faciələrdən biri 20 Yanvar faciəsi idi. Bu ağır faciə xalqımızın qan yaddaşına həkk olmuşdur. 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər Heydər Əliyev çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz ədalət səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.

Ulu Öndər daim xalqının yanında olduğu üçün yuxarı rəhbərlər onun hakimiyyətdə qalmasını istəmirdilər. Bütün bunlara baxmayaraq Ulu Öndər Heydər Əliyev yolundan dönmədi və Azərbaycan xalqını bütün çətinliklərdən xilas etdi.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır.

Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqının ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin direktoru

 

 

Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi.

Doxsanıncı illərin əvvəllərinə nəzər salsaq görərik ki, hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər. Onlar sadəcə olaraq talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos yaradır və nəticəsində torpaqlar əldən gedirdi. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Tarixə nəzər salsaq aydın olar ki, Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi. Çox keçmədən  on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu.

Bu dövrdə Azərbaycan xalqı ağır dönəmlərdən keçirdi.Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi. Bunun yeganə səbəbi siyasi qüvvələrin hakimiyyətdə qalmaq  və öz mənfur fəaliyyətini davam etdirmək planı idi.  Xalq isə ayağa qalxdı. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında  xilaskarına çevrilmişdi.

Müstəqillik əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırmışdır. Artıq ölkə parçalanma ərəfəsində idi. Ölkədə bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi bu idi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O gün Azərbaycan xalqının zəfər günü idi. Ulu Öndər hakimiyyətə gələn kimi dərhal ciddi islahatlara başladı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

Nübar Qurbanova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki