image-qanunla-reklam
image-6tygbejtxn_038_

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət

image-lady-day-az

Hər bir dövlətin,  millətin varlığını təsdiqləyən,  əsrdən-əsrə,  nəsildən-nəslə ötürülən bayraq varlıq simvoludur. Dövlətçilik rəmzi olan bayraq müqəddəsliyin,  müstəqilliyin nəfəsi,  istiqlaliyyətin səsidir.  Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla,  ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Çünki atribut xalqın həm də mübarizə simvoludur.  Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi,  “Azərbaycan Respublikasının dövlət rəmzləri – Azərbaycan Respublikasının Dövlət Bayrağı,  Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda,  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.  23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, dövlətçilik ideyaları  yaşadı,  xalqın mübarizə əzmi qırılmadı, üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi.  O gün gəldi.  Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi və həmin Sessiyada Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı. 1991-ci  il fevralın 5-də  Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edilən bayraq Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini,  o cümlədən Dövlət Bayrağını da bərpa etdi.

Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki,  hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına,  gerbinə və himninə hörmət etməlidir.  Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı da  dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil.  O bizim dövlətçiliyimizin,  müstəqilliyimizin rəmzidir.  Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun,  hər bir ailə Azərbaycan bayrağına itaət etsin.  Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyə Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə cənab Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamış,  bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.  2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdir.

Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir,  bunu özünün müqəddəs borcu kimi qəbul edir.  Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.

2020-ci  il sentyabrın 27-də başlanan və Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsi artıq tarixə döndü. Bu möhtəşəm qələbə dövlət müstəqilliyimizin bərpası və müstəqil Azərbaycan dövlətinin qurulması ilə birlikdə son 30 illik tariximizin ən parlaq səhifəsinə,  xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi,  dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimiz erməni işğalından addım-addım,  qarış-qarış azad edildi.  Bu gün üçrəngli bayrağımız işğaldan azad olmuş doğma torpaqlarımızda qürurla dalğalanır və bundan sonra da əbədi dalğalanacaqdır.

2020-ci il noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində isə Azərbaycan Prezidenti,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni verdi: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır”.  Prezidentin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşdı. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc yaşamamışdı.  Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edilməsi Bayraq Günü ərəfəsinə təsadüf etdi,  bayram-bayrama qarışdı.  Şuşaya bayrağımızın sancıldığı və 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.

Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri,  iftixarı və qürur mənbəyidir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının varlığını təsdiqləyəcəkdir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki