Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımına verdiyi siyasi qiymət – “Azərbaycanlıların soyqırımı haqqında” Fərman.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış faciələrin xatırlandığı, milli yaddaşın yenidən dirçəldildiyi mühüm günlərdən biridir. Bu gün yalnız keçmişin ağrılarını yada salmaq deyil, eyni zamanda tarixə obyektiv siyasi-hüquqi qiymətin verilməsinin əhəmiyyətini vurğulamaq baxımından xüsusi önəm daşıyır. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların dünya ictimaiyyətinə çatdırılması və bu faciələrin unudulmaması istiqamətində mühüm addımlar məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə atılmışdır.
XX əsrin əvvəllərində baş vermiş qanlı hadisələr uzun müddət ərzində öz hüquqi və siyasi qiymətini almamışdır. Sovet dövründə bu faciələr barədə həqiqətlərin gizlədilməsi, tarixə qərəzli yanaşma nəticəsində xalqın yaddaşında ağır bir boşluq yaranmışdır. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli tarixə obyektiv yanaşma zərurəti ortaya çıxmış və bu istiqamətdə sistemli addımlar atılmışdır.
Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xüsusi tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrinə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymətin verilməsi baxımından mühüm dönüş nöqtəsi olmuşdur. Fərman yalnız keçmişin faciələrini tanıtmaqla kifayətlənməmiş, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi üçün əsaslı zəmin yaratmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Bu Fərman Azərbaycan tarixşünaslığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Onun qəbulundan sonra arxiv materiallarının araşdırılması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq səviyyədə həqiqətlərin təbliği istiqamətində mühüm işlər görülmüşdür. Eyni zamanda, bu sənəd dünya ictimaiyyətinin diqqətini Azərbaycan xalqının üzləşdiyi faciələrə yönəltmək baxımından mühüm rol oynamışdır.
Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız matəm günü deyil, həm də tarixi ədalətin bərpası uğrunda mübarizənin rəmzidir. Ulu Öndər Heydər Əliyevin bu sahədə atdığı addımlar müasir Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tariximizin təhrif olunmasının qarşısının alınması və həqiqətlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində möhkəm təməl yaratmışdır. Bu siyasi irs bu gün də davam etdirilir və gələcək nəsillər üçün mühüm örnək olaraq qalır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


























