Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında, onların vətənpərvər ruhda tərbiyə almasında dərin izlər buraxmışdır. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi, təhsil problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar imzalamışdır. Ulu öndər Heydər Əliyev gənclərimizi Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Məhz Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyi yaradılıb. Keçən dövr ərzində icra olunan Dövlət Proqramları, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi sayəsində gənclərimizin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə böyük irəliləyişlərə nail olunmuşdur.
Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Yeni qədəm qoyduğumuz ildə bizi gənclərin iştirakı ilə mühüm və məsul işlər gözləyir. İnanırıq ki, qalib xalqın gəncləri olaraq bu işlərin də öhdəsindən inamla gələcəyik.
Son illərdə qazandığımız uğurlar bir daha deməyə əsas verir ki, ölkəmizdə Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə həyata keçirilən gənclər siyasəti öz hədəflərinə çatmışdır.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi
























