image-qanunla-reklam
image-heyderilham-1

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

image-lady-day-az

“Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat”

 – Azərbaycanın geopolitik vəziyyəti, zəngin təbii sərvətlərə malik olması və dünya ölkələrinin diqqət mərkəzində qalması, öz növbəsində, onun iqtisadiyyatının sürətlə inkişaf etdirilməsini tələb edir. Bunun isə təmin olunması tarixən neft hasilatı və neft emalı sahələri ilə bilavasitə bağlı olmuş və iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərmişdir.

Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunmuşdur. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.

Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş və onların inkişaf tempini aşağı salmışdır. Sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 1995-ci ildə 30 faiz təşkil etmişdir.

Bütövlükdə və sonrakı illərdə keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalmış, inkişaf meyli artmış və 1996-cı ildən istehsalın həcminin aşağı düşməsinin qarşısı alınmışdır. Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, 1997-ci ildən başlayaraq respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli metodlar və vasitələr qəbul edilmişdir. Onların da əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. 2001-2003-cü illərdə ölkə Prezidentinin xarici və yerli sahibkarlarla görüşündə, respublika regionlarına səfəri zamanı etdiyi məruzə və çıxışlarında, “Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təqdimat mərasimindəki nitqində əsas diqqəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsini əsaslandırmışdır.

Azərbaycan Respublikasında ardıcıllıqla həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş və beləliklə, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Bütün bunlarla yanaşı, ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində həlli tələb edilən vəzifələr ön plana çəkilmişdir.

Məlumdur ki, ölkənin ayrı-ayrı regionlarının inkişafını müxtəlif amillər və yerli xüsusiyyətlər şərtləndirir. Bu amillərin isə hər biri regionların sosial-iqtisadi inkişaf planında nəzərə alınmalıdır. İqtisadi inkişaf amillərinin geniş və hərtərəfli təhlili isə respublikanın sosial-iqtisadi inkişafının mühüm xüsusiyyətlərini aşkar etməyə, eyni zamanda, respublika iqtisadiyyatının inkişafında mütərəqqi meyllərin əmələ gəlməsinə, iqtisadiyyatın ərazi və sahə strukturunun təkmilləşdirilməsinə imkan yaradacaqdır.

Qeyd etmək lazımdır ki, əsas diqqəti mühüm perspektiv məsələlərin üzərində cəmləşdirmək, optimal sahələrarası və ərazi proporsiyaların müəyyən edilməsinə yönəltmək vacibdir. İqtisadiyyatın və respublika rayonlarının bir-biri ilə bağlı sahələrinin planlaşdırılmasına, iqtisadi və sosial problemlərin həllinə kompleks münasibətin gücləndirilməsi tələb olunur. Bu isə əmək, maddi və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsini, sahə və rayonun inkişafının əlaqələndirilməsini tələb edir. Beləliklə, ulu öndərimiz Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkə iqtisadiyyatı sahələri arasında optimal nisbətin yaradılması çox vacibdir.

Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə – sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Təbii ki, ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə indi də sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.

Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə olunması və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan ölkəmizin iqtisadi inkişafında “Əsrin müqaviləsi”nin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Daha sonra isə “Üç dənizin əfsanəsi” adlanan BTC-nin reallığa çevrilməsi xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanımızın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları qəbul edilmişdir. Bütün bunların nəticəsində artıq ölkəmiz dünyanın nüfuzlu söz sahibinə, enerji ixracatçısına və dinamik inkişaf edən bir dövlətə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıyıq ki, ulu öndər özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, güclü idarəetmə qabiliyyətinə qadir olan gənc lideri – İlham Əliyevi yetişdirdi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında hər birimizin öz vəzifəsi və məsuliyyəti vardır. Bu mənada, təbii ki, elm adamlarının, alimlərin də üzərinə müəyyən vəzifələr düşür. Hesab edirəm ki, biz alimlər Heydər Əliyev ideyalarını daha dərindən öyrənməli və təbliğ etməli, müvafiq istiqamətlərdə tədqiqatlar aparmalı və beləliklə, ölkənin iqtisadi inkişafında daha yaxından iştirak etməliyik.

 

Həsənov Əlikram

Saatlı  rayon Qaracalar kənd tam orta məktəbin tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki