image-qanunla-reklam
image-6tygbejtxn_038_

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

image-lady-day-az

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

Ömrünü Azərbaycanın taleyinə bağlayan, həyat və faəliyyətində, yeritdiyi daxili və xarici siyasətdə, Azərbaycanın qüdrətli gələcəyi üçün atdığı hər imzada vətən sevgisini, xalq üçün xidmət düsturunu, müdrik siyasi baxışını miras buraxan Ümummilli Lider Heydər Əliyevin dahi şəxsiyyəti tarixin ən uca zirvələrinin fatehinə çevrilmişdir. Bugünkü Zəfər tariximizin, Qələbə yolumuzun meyarlarını ərsəyə gətirən, Azərbaycanın geosiyasi nailiyyətlərinin təməlini inşa edən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi kurs irsi dərin çalarları ilə qüdrətli Azərbaycanın gələcəyinə işıq saçır. Xalqın birliyini, dünyanın harasında olursa olsun hər bir azərbaycanlının vətənə bağlılığını aşılayan Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət və misilsiz xidmətləri Azərbaycanın inkişaf strategiyasının üfüqlərini genişləndirmişdir. Azərbaycanın tarixi və siyasi taleyi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən inkişaf və tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı və onun siyasi irsi ilə bağlıdır. Ümummilli Lider xalq üçün xidməti hər şeydən uca tutaraq Sovet dövründə fəaliyyətinin ilkin dövrlərindən başlayaraq respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəminlərini hazırlamışdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də milli ruhun yüksəlişi, millətin tarixi yaddaşının özünə qaytarılması kimi fundamental məsələləri özündə əks etdirmişdir. Görülən bütün tədbirlər hesabına ölkəmizin həyatında ciddi dəyişikliklər baş vermişdir. 1990-cı ilin Qanlı Yanvar faciəsinin törədildiyi vaxt Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq o zamankı Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-1993-cü illərin Azərbaycanın məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləndiyi bir vaxtda xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu Ümummilli Lider Heydər Əliyevdə görürdü. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı. Onun sarsılmaz qətiyyəti və yenilməz iradəsi ilə dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu. Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə milli ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ümummilli Lider Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən uğurlu xarici siyasəti ilə Azərbaycanın qonşu ölkələri ilə əlaqələri yaxşılaşdı, Azərbaycan beynəlxalq münasibətlər sisteminə inteqrasiya olundu.

Bu gün Azərbaycan dünyada müstəqil və bərabərhüquqlu xarici siyasət yeridən ölkə, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident cənab İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən cənab Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almış və azad edilmiş torpaqlarmıza “Böyük Qaydışa” başlanılmışdır. Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdı

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb

Tarixi İpək Yolunun keçdiyi ölkələrdən biri Azərbaycan olmuşdur. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb və 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib.  1994-cü il 7-10 mart tarixində Ulu öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Çin Xalq Respublikasının sədri Tszyan Tszemin Ulu öndər Heydər Əliyevlə danışıqlarda bildirib: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”. Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açıb. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir. Həmin səfər zamanı Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb. 1996-cı il 17-18 aprel tarixində Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfəri zamanı Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan etmişdir.

Prezident cənab İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdə Çinə dövlət səfərləri ikitərəfli münasibətlərin inkişafına təkan verdi. Bu səfərlər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxardı. Bir sıra regional və beynəlxalq problemlərin həllində çox vaxt Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Rəsmi Pekin beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmişdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Peşəkar rəhbər

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi Azərbaycan xalqı var olduqca olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Ulu öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı  diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli lider idi. Həmin vaxt Ulu öndər Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmiş və 1990-cı il iyulun 22-də Naxçıvana gəlmişdir. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Naxçıvan əhalisi Ulu öndər Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi  1991-ci il sentyabrın 3-də reallaşdı və Ulu öndər Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol  həmin  gündən başladı. 1991-ci  müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Ulu öndər Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur.  Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Ulu öndər Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq   dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.  Hesab edirəm ki,  2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaqdır.

Bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident cənab İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Prezident cənab İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

 

Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub

Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşır. Ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri, ictimai dinləmələr keçirilir. Aparılan tədbirlər əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə, ailədə zorakılığın qarşısının alınmasına xidmət edir.

Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Müasir Azərbaycanın qurucusu

XX əsrin 90-cı illərinin əvvəlləri, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.  Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Xatırladaq ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı. Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya, Azərbaycan təcavüzkar dövlətdir. Halbuki bizim torpaqlarımız işğal altına düşmüşdür. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra isə dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də  Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratmaqla yanaşı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması zərurətə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin siyasi-hüquqi sistemində əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi.

Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan soydaşlarımızı yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, inkişaf etdirmiş, müstəqilliyimizi daimi və dönməz etmişdir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki