image-qanunla-reklam
image-b8af7d0f159211842652545923811035784

Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi

image-lady-day-az

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.Sovet quruluşuna xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin dinamikliyindən, cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin 1995-ci ilin martında Ümummilli Lider Heydər Əliyev ölkə gəncləri ilə görüşərkən bu stereotipi qırdı və gənclərə sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Elə gəncliyin inkişafına dəstəyin təməli o vaxt qoyuldu, onlara ümid verildi. Hər vaxt verdiyi sözün üstündə möhkəm dayanan və onun ciddiliyinə önəm verən Ulu Öndər 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si tarixini Gənclər Günü kimi təsbit etdi. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. 1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun da qəbul edildi. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir

Müstəqilliyimizin ilk illərinə nəzər salarkən, baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini ifadə edən amillərdən biri də odur ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə milli iqtisadi inkişafın təməlini qoydu. Bu müqavilə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına çevrildi.”Əsrin müqaviləsi” sayəsində Azərbaycana birbaşa investisiyalar qoyuldu və ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Müasir həyatımızda Azərbaycana olan diqqət Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib və diplomatiya sahəsində uğurlar əldə edilib. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır.

Zərdab rayon Gənclər vəİdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər. Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli Lider Heydər Əliyev məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Ümumilli Lider Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədirMilli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir. Azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərməkdədir.

Zərdab rayon Gənlər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Ulu Öndərin dərin məntiqli nitqi və natiqlik məharətionu dinləyənləri məftun edirdi

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin onun natiqlik qabiliyyəti ilə vəhdətdə olduğu isə heç birimiz üçün sirr deyil. Şübhəsiz ki, yüksək vəzifə tutan, xalqın lideri olan hər bir insan üçün onun natiqlik qabiliyyəti və danışıq mədəniyyəti həmin şəxs üçün ən vacib göstəricilərdən biridir. Lakin burada qeyri-adi natiqlik istedadı və fikrin, ideyaların sözlə ifadəsinin ali dərəcəsindən söhbət açdıqda bəzi cəhətlərin üzərində xüsusilə vacibdir. Hər bir nitqdə natiqin məqsədi müəyyən məzmunlu fikri söz ifadəsində dinləyiciyə çatdırmaq və onu inandırmaqdır. Nitq məzmun olaraq natiqin idrakı, düşüncə tərzi və genetik xüsusiyyətləri ilə sıx bağlı olub şəxsiyyətin görünməyən tərəfini, forma olaraq isə dil, ədəbiyyat, mədəniyyət və s. sosial-ictimai biliklər sahəsindəki qabiliyyət və bacarığının məcmusu ilə bağlı olub, onun görünən tərəfini nümayiş etdirir. Buna görə də hər bir natiq nitqi ilə özünü dinləyici qarşısında müəyyən dərəcədə aşkar edir. O natiqlər ki, bu qarşılıqlı əlaqəni düzgün qura və məharətlə istifadə edirlər, onlar hər zaman uğur, inam qazanır və rəğbət görürülər. Ümummili Lider Heydər Əliyev məhz belə bir istedada malik olaraq yüksək danışıq qabiliyyəti, fenomenal natiqlik bacarıqları ilə əsl natiqlik nümunəsini əyani şəkildə sübut edirdi. Ulu Öndər Heydər Əliyevin nitqlərinə nəzər salanda natiqlik sənətinin əsas xüsusiyyətlərindən, sirrlərindən necə məharət və ustalıqla istifadə etdiyinin şahidi oluruq. Onların ən əsaslarını sadalayaraq bir daha diqqətə çatdırmaq gələcək nəsillər üçün dəyərli örnək rolunu oynayır. Ümumilli Lider Heydər Əliyevin şərh olunan mövzunun aktuallığını və özünün buna əminliyini xüsusi məharətlə dinləyiciyə və ya müsahibinə çatdıra bilməsi, nitqin qrammatik cəhətdən səlis, dolğun və orijinal qurulması ilə bərabər gətirilən sitat və sübutların yalnız öz yerində və xüsusi vurğu ilə ifadəsi, dinləyicilərin səviyyəsinə, qarşısındakının şəxsiyyətinə, şərh olunan məsələnin məzmununa və əhəmiyyət dərəcəsinə görə danışığın tonu, sürəti, emosiyası, jest və mimika kimi elementləri düzgün seçməklə yüksək təsir gücünə malik olması onun dahi bir lider və yüksək bacarıqlara malik natiq olduğunun göstəricisidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Dünya azərbaycanlılarının həmrəyliyi günü

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər;tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaztərkib hissəsinəçevrilmişdir. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələri ilə fəxr edir. Tarix boyu xalqımızın yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlər dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişlər.İyirminci yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik potensialının yeni şəraitdə təzahür etməsi və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. 100 illiyini qeyd etdiyimiz ilk müstəqil dövlətimiz təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında ayrıca bir mərhələtəşkil etmişdir.İyirminci əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikası tarix baxımından qısa müddətdə qərinələrə bərabər yol keçmişdir. Bu yolun əsas göstəriciləri ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində siyasi və dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması kimi səciyyələndiriləbilər.Ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir. Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinəçevrilmişdir.Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn düşünülmüş tədbirlər həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Müstəqilliyin bərpasından öncə dünyanın müxtəlif bölgələrində bir-birindən çətinliklə xəbər tutan soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranmışdır. Bütün bunlar  intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi rolunu bərpaedənAzərbaycan Respublikası bütün azərbaycanlıların ata-baba yurdu olduğuna görə dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini artırsalar, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

 Zərdab rayon Gənlər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb. Bu gün böyüməkdə olan gənc nəsil Prezident cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparmaqda daim yanındayıq.

Zərdab rayon Gənlər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

15 İyun Milli Qurtuluş Günü

“15 İyun – Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Bu tarix məhz Azərbaycan xalqının xilaskar oğlu, bütün mənalı ömrünü öz xalqına həsr edən görkəmli siyasətçi, dövlət xadimi, müasir və müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”. Ümummilli lider Heydər Əliyev ən mürəkkəb zamanlarda və taleyüklü məqamlarda daima xalqını və öz dövlətini düşünərək bütün sınaqlardan uğurla çıxarıb və Azərbaycanın tərəqqisini, müstəqilliyini təmin edib: “1993-cü ildə Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarla qarşı-qarşıya qaldığı bir vaxtda xalqın təkidi və istəyi ilə iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, bütün məsuliyyəti öz üzərinə götürərərək xalqın müqəddəs qurtuluş missiyasını böyük məharətlə yerinə yetirdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Əlbəttə, bu sabitliyin mənbəyi Azərbaycan xalqının öz liderinə sonsuz etimadı və dəstəyi olub. Ulu öndər məhz bu sevgiyə, dəstəyə arxalanaraq bütün taleyüklü məsələləri böyük ustalıqla həll edib”.Ümummilli liderin yorulmaz fəaliyyətləri nəticəsində Azərbaycanın dünyada nüfuzu və mövqeyi güclənib, ölkəmiz beynəlxalq təşkilatlarda böyük uğurlar əldə edib: “Bu gün ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə yeni müstəvidə davam etdirilir. Prezident İlham Əliyev xalqımızın milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Ulu öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri ulu öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir”.

Zərdab rayon Gənlər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki