Ukrayna 1994-cü ildə Budapeştdə nüvə silahından Rusiyanın xeyrinə imtina etmişdi. Bunun qarşılığında da Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat vermişdi. Amma təəssüf ki, Rusiya bu sazişi yerinə yetirmədi və 2014-cü ildə Kırımı ilhaq etdi, Donbasda separatçı bölgə yaratdı. Ona görə də Ukrayna Prezidenti çıxışında haqlıdır.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Düzdür, Ukraynanın tezliklə sazişdən çıxmağı və yaxud da nüvə silahı əldə etməyi o qədər də asan deyil. Nüvə klubunun üzvləri məlumdur: Rusiya, Fransa, ABŞ, Çin, Böyük Britaniya və qeyri-rəsmi üzv İsrail. Bu klubun üzvləri yeni nüvə dövlətinin yaranmasını istəmir. Məsələn, İran nümunəsi gözümüzün qarşısındadır. Ona görə də Zelenskinin çıxışı əslində bir həyəcan təbilidir. Bu, Qərbə yönəlik bir mesajdır ki, Budapeşt sazişi yerinə yetirilmədi və Qərb buna görə Rusiyaya qarşı heç bir tədbir görmədi. Məhz buna görə də Ukrayna sazişdən çıxa bilər”,- politoloq qeyd edib.


























