Uğurlu təcrübə.
BRİKS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilməkdədir. Bir çox siyasi ekspertlər belə hesab edirlər ki, BRİKS yaxın vaxtlarda yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin mühüm aləti olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağa çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modelləri var. Ancaq bu, qurumun qarşıya qoyduğu məqsədlərə çatmağa heç də mane olmur. Hazırda gündəmdə olan BRİKS+ platformasının perspektivləri çox müsbətdir. Bugünədək dünyanın bir çox ölkəsi bu assosiasiyaya qoşulmaq və ya onunla fəal dialoq qurmaq arzusunu ifadə edib. Azərbaycan da bu ölkələr sırasınadır. Ölkəmizin təşkilata üzv olmaq niyyəti hələ iyulun əvvəlində, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi. Həmin zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul edilmişdi. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRİKS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır. Azərbaycan hər zaman vurğulayıb ki, müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda maraqlıdır. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir. Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRİKS Qərbin şərtləri diktə etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırmır, əksinə, onlara yeni imkanlar verir. Prezident İlham Əliyev BRİKS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”. Dövlət başçısı qeyd edib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP 29 un keçirilməsi
İqlim dəyişmələri, onun yaratdığı fəsadlar, təbiətə qarşı ögey münasibət və s. bəşəriyyəti çətin sual qarşısında qoyub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının toplantılarında da bu və ya digər suallara cavab axtarılır. Hər dəfə müxtəlif ölkələrdə keçirilən son konfrans – COP28 ötən ilin axırlarında Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Bu mötəbər konfransda növbəti tədbirin keçirilməsinə evsahibliyi etmək üçün namizədliyini geri götürən Ermənistanın ardınca Bolqarıstan da eyni addımı atdı. Azərbaycan yekdilliklə COP29-un keçirilməsi üçün ev sahibi seçildi. Bu seçim Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi, ölkəmizə göstərilən böyük etimad, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin nəticəsidir.
Ölkəmizin iqtisadi uğurları, reallaşdırdığı qlobal layihələr, mövcud olan tolerant ictimai mühit Prezident İlham Əliyevin fenomenal idarəçilik təcrübəsinin göstəriciləridir. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm də dövlətimizin, onun başçısının dünya səviyyəsində öncül mövqedə qərarlaşdığının təsdiqidir. COP29 kimi mötəbər bir tədbirin – dünya əhəmiyyətli qərarların qəbul ediləcəyi, gələcəyimiz olan övladlarımızın təmiz, pak bir iqlimdə yaşaması üçün müzakirələrin aparılacağı forumun ölkəmizdə keçirilməsi o deməkdir ki, dünya dövlətləri iqlim dəyişikliyi kimi taleyüklü bir problemin həlli üçün Azərbaycana toplaşacaqlar. Sayılıb-seçilən dövlət və hökumət başçıları, iqtisadçılar və ekoloqlar ekoloji problemlərin həlli yollarını Bakıda müzakirə edərək qərar qəbul edəcəklər. Bu, sıradan fakt, növbəti beynəlxalq toplantı deyil, Azərbaycana göstərilən etimaddır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova