Üçrəngli bayrağımızın şanlı tarixi
Azərbaycan xalqının milli kimliyini, azadlıq iradəsini və dövlət müstəqilliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərdən biri üçrəngli bayrağımızdır. Bu bayraq yalnız bir parça parça deyil – o, xalqımızın yüzillərlə çəkdiyi mübarizənin, milli oyanışın, azadlıq sevgisinin və dövlətçilik ənənələrinin canlı simvoludur. Hər rəngi, hər cizgisi dərin məna daşıyır və Azərbaycan xalqının mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilmişdir. Üçrəngli bayrağımızın tarixi XX əsrin əvvəllərinə – 1918-ci ilə gedib çıxır. O dövrdə Qafqazın siyasi mənzərəsi köklü dəyişikliklər yaşayırdı. Çar Rusiyasının süqutu ilə Qafqaz xalqları öz milli dövlətlərini qurmaq şansı əldə etdilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi – bu, müsəlman Şərqində ilk demokratik respublika idi. Həmin il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət, ortasında ağ aypara və səkkizguşəli ulduz təsvir olunan yeni dövlət bayrağını qəbul etdi. Bu bayrağın müəllifi, ideya mənbəyi görkəmli dövlət xadimi və böyük maarifçi Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasına əsaslanırdı. Bayrağın rəngləri də bu üç prinsipi özündə əks etdirir:
Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi ifadə edir;
Qırmızı rəng müasirlik, inkişaf və tərəqqi ideyasını simvolizə edir;
Yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi göstərir.
1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycana hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bununla da üçrəngli bayrağımız da rəsmi dövlət simvolu kimi qadağan olundu. Sovet dövründə Azərbaycanın üzərində qırmızı sovet bayrağı dalğalanırdı. Lakin xalqın yaddaşında üçrəngli bayraq milli azadlıq rəmzi kimi yaşayır, ədəbiyyatda, xalq arasında və mühacirətdə fəaliyyət göstərən ziyalıların yaradıcılığında öz əksini tapırdı. 1980–1990-cı illərdə SSRİ-nin zəifləməsi və milli azadlıq hərəkatının güclənməsi ilə üçrəngli bayraq yenidən xalqın meydanlara çıxardığı əsas simvola çevrildi. 1989-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq rəsmi olaraq Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyinə gedən yolun mühüm mərhələsi oldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu və üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi təsdiq edildi. Həmin vaxtdan bu bayraq Azərbaycanın bütün dövlət orqanları, hərbi hissələri, beynəlxalq tədbirləri və hər bir vətəndaşın qəlbində ən uca məqamda dalğalanmağa başladı.2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” təsis olundu. Hər il noyabrın 9-da ölkəmizin hər yerində bu gün böyük coşqu ilə qeyd edilir. Bu tarix həm də xalqımızın milli birliyinin, dövlətçiliyimizin və azadlıq iradəsinin təntənəsidir. Bu gün üçrəngli bayrağımız dünyanın dörd bir yanında – beynəlxalq təşkilatların binalarında, idman yarışlarında, diplomatik nümayəndəliklərdə və sülhməramlı missiyalarda dalğalanır. Hər dəfə Azərbaycan idmançısı qələbə qazananda və səhnəyə qalxanda üçrəngli bayrağımızın qürurla dalğalanması xalqımız üçün fəxarət mənbəyidir. Xüsusilə 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etməsi zamanı üçrəngli bayraq yenidən Qarabağda, Şuşada, Xankəndidə, Laçında ucaldıldı. Bu, bayrağımızın tarixində ən şərəfli səhifələrdən biri oldu.Üçrəngli Azərbaycan bayrağı təkcə bir dövlət rəmzi deyil – o, xalqın qürurudur, azadlıq ruhunun nişanəsidir. Onun hər rəngi, hər dalğalanması Azərbaycan xalqının keçmişini, bu gününü və gələcəyini özündə cəmləyir. Bayrağımız müstəqilliyimizin, birliyimizin və əbədi azadlığımızın rəmzidir.
Veteran müəllim Vəfadar Niftəliyev.




















