Türkmənistanla mövqelərimiz üst-üstə düşür.
Müstəqil Azərbaycan, etibarlı tərəfdaş və sözünü əməli ilə təsdiqləyən dövlət olaraq, İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Bu reallıq yalnız torpaqların bərpası ilə ölçülmür, o, xalqların qəlbində, regionun strateji xəritəsində də öz əksini tapır. Azərbaycanın nüfuzu, diplomatik mövqeyi və təşəbbüskarlığı durmadan artmaqda, hər bir layihə və təşəbbüs həm qonşular, həm də beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənməkdədir. Hər yeni enerji və nəqliyyat layihəsi, hər bir təşəbbüs Azərbaycanın yalnız özünü deyil, bütün regionu yüksəldən bir güc olduğunu nümayiş etdirir.
Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci il iyun ayının 9-da qurulmuşdur. Azərbaycan-Türkmənistan münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbohidrogen ehtiyatları ilə zəngin olan Türkmənistan ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. Bu da, öz növbəsində, Azərbaycan və Türkmənistanı “TRACECA”, “Lapis Lazuli”, “Xəzər dənizi – Qara dəniz”, “Şərq – Qərb” kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.
Xüsusilə enerji sahəsindəki əməkdaşlıq – 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılaşma – təkcə iqtisadi deyil, siyasi baxımdan da qarşılıqlı etimadın mühüm göstəricisidir. Nəqliyyat və logistika sahəsində, o cümlədən Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının kəskin artması bu əlaqələrin konkret nəticələr verdiyini sübut edir. Azərbaycan şaxələndirililmiş nəqliyyat kommunikasiyası sayəsində Türkmənistanın təbii ehtiyatlarının, xüsusilə təbii qazın Avropa bazarlarına çıxarılmasında mühüm rol oynaya bilər. Artıq bu istiqamətdə qarşılıqlı müsbət fikir birliyinin şahidi oluruq.
Eyni zamanda, iqtisadi sahədə müşahidə olunan artım tendensiyası – 2024-cü ildə 383 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi və cari ilin ilk aylarında bu dinamikanın davam etməsi – iki ölkənin qarşılıqlı maraqlara əsaslanan real tərəfdaşlıq modeli qurduğunu nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistana rəsmi səfəri hər iki ölkə arasında əməkdaşlığın və inkişafın bariz nümunəsi kimi qiymətləndirilir. Hər iki ölkənin mövqeləri üst-üstə düşür. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri