Türkmənistan Qarabağda məscid inşa edəcək.
Azərbaycanla Türkmənistan dost və qardaş ölkələrdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri, səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir.
Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Mühüm amillərdən biri isə dövlətimizin başçısının səfəri zamanı Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Görüşdə Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur”.
Qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək vermələri də çox qürurvericidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında ölkəmizdə səfərdə olarkən Füzuli şəhərində Türkmənistanın hədiyyəsi kimi məscid tikilməsini təklif edib. Hazırda həmin məscidin tikilməsi üçün müvafiq işlər aparılır. Məlumdur ki, postmüharibə dövründə dost dövlətlər, xüsusilə də türkdilli ölkələr bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva 2023-cü il avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Ötən il mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dost ölkə tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub.
Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, cari il iyulun 3-də Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. Bütün bunların fonunda Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı münasibətlərimizin inkişafında yeni mərhələnin əsasını qoyacaq.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru