Türkmənistan əmin əllərdədir.
Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə, ortaq köklərə və birgə mədəni-mənəvi dəyərlərə əsaslanan möhkəm təməllər üzərində qurulub. Bu gün də ikitərəfli münasibətlər məhz tarixi dəyərləri rəhbər tutaraq qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq istiqamətində daha da dərinləşir və regionun sabitliyinə, rifahına ciddi töhfələr verir. Azərbaycan və Türkmənistan arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə, o cümlədən enerji, ticarət, parlamentlərarası əməkdaşlıq, diaspora və idman kimi bir çox sahələrdə mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin Türkmənistanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi, dövlət başçıları arasında formalaşmış qarşılıqlı hörmət və siyasi harmoniyanın nəticəsidir ki, bu gün iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlıq daha da genişlənir.
Mərkəzi Asiya ölkələri ilə, sürətlə inkişaf edən Özbəkistanla, həmçinin Türkmənistanla möhkəmlənən əlaqələr Azərbaycanın regional liderlik missiyasını daha parlaq şəkildə ortaya qoyur. Bu əlaqələr yalnız diplomatik protokollarla ölçülmür, onlar xalqlar arasında qardaşlıq körpülərini möhkəmləndirən canlı və davamlı proseslərdir. Azərbaycan üçün hər bir təşəbbüs, hər bir imzalanmış sənəd həm də tarixə vurulmuş bir möhür kimidir.
Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı son illərdə xüsusi olaraq dinamik inkişaf nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistana rəsmi səfəri bu əməkdaşlığın zirvəsi kimi qiymətləndirilir. Ölkəmizin başçısı səfər çərçivəsində mətbuata verdiyi Bəyanatda vurğulayıb: “Türkmənistan əmin əllərdədir.” Bu sözlər yalnız diplomatik ifadə deyil, Avaza şəhərində gedən yenidənqurma və abadlaşma işlərinin açıq təsdiqidir. Hər yeni küçə, hər abad meydan, hər inşa edilən yeni şəhər Azərbaycanın və Türkmənistanın qardaşlıq əzmindən xəbər verir, bu inkişafa qardaş sevinci, dost təbriki də əlavə olunur.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlər regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir. Bu strateji tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək, ortaq tariximizin və dəyərlərimizin işığında daha böyük uğurlara imza atacaq.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri