image-qanunla-reklam
image-turk-surasi-turk-dovletleri-teskilati-adlandirilib

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

image-lady-day-az

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

 

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Regionun təhlükəsizlik mühitini bir sıra daxili və xarici amillər formalaşdırır ki, onlardan biri də bölgədə cərəyan edən geosiyasi proseslərdir. Azərbaycan istər siyasi, istərsə də geoiqtisadi münasibətlərə görə türkdilli dövlətlərlə hərtərəfli münasibətə maraqlıdır. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Təsadüfi deyil ki, son iki il ərzində Prezident cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə tez-tez səfərlər edib. Dövlətimizin başçısının dediyi kimi, ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Dövlətimizin başçısı bildirib: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə də tranzitin əhəmiyyətinin az olmadığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu Mərkəzi Asiya ölkələri üçün açıqdır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib

Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Belə ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.

Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir.Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir: «Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu, o deməkdir ki, Türk Dövlətləri Təşkilatının 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. Türk Dövlətləri Təşkilatının başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir.

Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunmasına gətirib çıxarmışdır. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində qəddarcasına etnik təmizləmə aparılmış, 1 milyon azərbaycanlı ata-baba yurdlarından qovulmuşdur. Dörd ilə yaxın davam edən birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox adam yaralanmış və ya şikəst edilmişdir. 4750 nəfər əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə,  bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmiş, daimi yaşayış yerlərindən didərgin düşmüş insanların öz torpaqlarına geri dönməsi hüququ təsbit edilmişdir.

Beynəlxalq təşkilatların qətiyyətsizliyindən istifadə edən Ermənistan tərəfi 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinə hücum etmiş və dinc yaşayış məntəqələrini iriçaplı toplardan, raket qurğularından, zirehli texnikadan və atıcı silahlardan atəşə tutmuşdur. Bu təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə etmiş və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmışdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki