Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey D. Vens arasında 10 fevral 2026-cı il tarixdə Bakıda keçirilən birgə mətbuat konfransında verilən bəyanatlar bölgədə sülh və əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcını təsdiqlədi. Prezident cənab İlham Əliyev “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin” Tramp-Vens administrasiyasının regiondakı səylərinin ən əhəmiyyətli nəticələrindən biri olduğunu vurğuladı və layihənin həyata keçirilməsinə görə ABŞ hökumətinə təşəkkürünü bildirdi. Ölkə başçımızın sözlərinə görə, TRIPP yalnız Azərbaycan əsas hissəsi ilə Naxçıvanı birləşdirmir, həm də Azərbaycan, Ermənistan və qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı birləşdirən strateji əhəmiyyətli nəqliyyat dəhlizi kimi regionda uzunmüddətli sülh və sabitlik üçün əsas amillərdən biridir. Bu layihə, həmçinin ticarət, enerji və rəqəmsal əlaqələri gücləndirərək bölgənin iqtisadi potensialını yeni səviyyəyə qaldıracaqdır.
Vitse-prezident Vens çıxışında ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və bu əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını qeyd etdi. O, Amerikanın regionda sülh və rifahı dəstəkləmək üçün TRIPP layihəsini strateji prioritet kimi gördüyünü və layihənin yalnız nəqliyyat koridoru deyil, eyni zamanda ticari, enerji və kritik mineral sahələrdə regional inteqrasiyanı möhkəmləndirəcəyini vurğuladı. Prezident İlham Əliyev həmçinin Bakı ilə Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının tarixi əhəmiyyətini qeyd edərək, bu sənədin ölkələr arasında təhlükəsizlik, enerji, texnologiya və regional stabillik sahələrində əməkdaşlığın genişlənməsi üçün bünövrə qoyduğunu bildirdi.
Bu bəyanatlar regionda uzun illər davam edən qarşıdurmanın sona çatmasına yönəlik ciddi siyasi iradənin mövcud olduğunu göstərir. TRIPP kimi genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sülh prosesini dərinləşdirə və Cənubi Qafqazda iqtisadi inkişafı sürətləndirə bilər ki, bu da, sülh və rifah ideallarını reallığa çevirən tarixi addım kimi qiymətləndirilir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


























