image-qanunla-reklam
image-resize_402029d26a6ea75a64e8cb4507d21c0d

Tibb elminə həsr olunmuş ömür

image-lady-day-az

Tibb elminə həsr olunmuş ömür.

Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləyib. Zərifə xanımın keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub.Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olurdu. Zərifə xanım Əliyeva alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir.Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu. Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin vaxtlarda paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə əməkçinin gözlərini  müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb. Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti.

 

 

 Tibb elminə həsr olunmuş ömür.

Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının  ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. Zərifə Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub.Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib.1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməyib. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin  peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün  hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi.

Toğrul Abulov- Zərdab Gənclər evi SXM-in əməkdaşı.

 

 

Alim və oftalmoloq.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. 15 aprel 1985-ci ildə bizi tərk edən Zərifə xanımın Azərbaycan xalqı, tibb elmi qarşısında xidmətləri o qədər böyük və məzmunludur ki, biz onu təkcə bu gün deyil, hər gün xatırlamalı oluruq. Onun yazdığı elmi monoqrafiyalar, kitablar həkimlərimizin masaüstü vəsaitlərinə çevrilib. 62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdi. Ailə dəyərlərinə bağlı, vəfalı həyat yoldaşı, nəzakətli ana və şəfqətli həkim olan Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, onun Azərbaycan xalqı üçün nə qədər faydalı işlər gördüyünü söyləyəsən. 28 aprel 1923-cü ildə qədim Naxçıvanın Şahtaxtı kəndində – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Onun ata evində görüb-götürdüyü tərbiyə, dəyərlər sonralar həyat yoluna işıq salacaqdı. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. O, ən çətin dönəmlərdə belə respublikanın birinci şəxsinə arxa-dayaq oldu. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Təəssüflə qeyd etmək lazımdır ki, milli kadr hazırlığı prosesində fəal iştirak edən, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın – Zərifə xanım Əliyeva həyatdan tez köçüb. “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”, deyə Dahi Lider bildirib.

Sevil Məmmədzadə – Zərdab Gənclər evinin dərnək rəhbəri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki