Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı
XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev bu Forumun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrildiyinin vacib olduğunu bildirib. Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq” – deyə diqqətə çatdırıb. Bəli, dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaratmış oldu. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olmasna baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özümüz təmin etdik. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. Keçmiş Minsk qrupunun fəaliyyəti ərzində hec bir nəticə əldə olunmayib. “Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”–deyə cənab Prezident bildirib.
44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. “Biz artıq sülhün üstünlüklərini görürük”–deyən dövlət başçımız qeyd edib ki, mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur. Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

























