image-qanunla-reklam
image-aujbikezegy4qnzxomqpbmvljty67jqzm1se8483

Təmiz, saf, əbədi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti

image-lady-day-az

Təmiz, saf, əbədi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti

 

Dil – bir millətin ruhudur, varlığıdır, kimliyidir. Xalqın tarixi, mədəniyyəti, dünyagörüşü, düşüncə tərzi, mənəvi dəyərləri onun dilində əks olunur. Azərbaycan xalqının da minillərlə yaşı olan zəngin, səlis, melodik və ifadə gücü yüksək olan Azərbaycan dili xalqımızın milli varlığının ən müqəddəs simvoludur. Bu dil əsrlər boyu xalqımızı birləşdirib, onun mənəvi dirəyinə çevrilib və bu gün də müstəqil Azərbaycan dövlətinin bayrağı kimi ucalarda dalğalanır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil – o, xalqımızın tarix boyu yaratdığı mədəniyyətin, ədəbiyyatın, musiqinin, elmin və dövlətçiliyin təməlidir. Nizaminin, Füzulinin, Xətainin, Sabirin, Vahidin, Cavidin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin və onlarla digər dahinin yaradıcılığında Azərbaycan dilinin qüdrəti parlayır. Bu dilin hər sözü, hər ifadəsi xalqımızın düşüncə tərzini, zövqünü, müdrikliyini və təbiətini əks etdirir. Lakin bu dilin bu günə qədər gəlib çatması asan başa gəlməyib. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili sıxışdırılıb, unudulmağa məhkum edilmək istənilib. Çar Rusiyası dövründə, daha sonra Sovetlər Birliyində dilimiz rəsmi statusdan məhrum edilmiş, onun yerinə başqa dillər önə çəkilmişdi. Lakin xalqımız dilinə, kimliyinə sadiq qaldı. Ən çətin dövrlərdə belə analarımız laylalarını Azərbaycan dilində oxudu, şairlərimiz bu dildə yazdı, xalqımız bu dil ilə nəfəs aldı. Azərbaycan dilinin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. O, hər zaman dilimizi milli varlığımızın əsası kimi qiymətləndirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz onun böyük siyasi iradəsi sayəsində mümkün oldu. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dilimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur.” Müstəqilliyin bərpasından sonra Azərbaycan dili dövlətin rəsmi dili kimi yüksək status qazandı. 1995-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu, dilin inkişafı və qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu, xalqın öz dilinə, kimliyinə və tarixinə olan sevgisinin ən parlaq ifadəsi idi. Müstəqil Azərbaycan dövləti dilimizin qorunması, inkişafı və dünyada təbliği istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyev bu istiqamətdə mühüm qərarlar qəbul etmiş, “Dövlət dilinin istifadəsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayaraq Azərbaycan dilinin təmizliyinin qorunması, düzgün istifadəsinin təşviqi və cəmiyyətin bütün sahələrində geniş işlənməsi üçün ciddi tədbirlər görmüşdür. Bu gün Azərbaycan dili təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində öyrənilir, tədris olunur. Xarici universitetlərdə Azərbaycan dili kafedraları açılır, diaspor təşkilatlarımız ana dilinin təbliği üçün fəaliyyət göstərirlər. Bu, həm də milli dövlətçiliyimizin gücünün göstəricisidir. Dilimizin saflığını qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Biz bu dili yad təsirlərdən, lazımsız alınma sözlərdən, təhriflərdən qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Çünki dilin saflığı millətin saflığı, dilin əbədiliyi millətin əbədiliyidir. Hər bir gənc bilməlidir ki, dilini qorumaq, onu sevmək, düzgün işlətmək və təbliğ etmək vətənə xidmətin ən ali formalarından biridir. Azərbaycan dili bu gün təkcə 10 milyon azərbaycanlının deyil, dünyanın hər yerində yaşayan milyonlarla soydaşımızın dilidir. Onun hər səsi, hər kəlməsi bizim tariximizi, ruhumuzu, birliyimizi əks etdirir. Müstəqil Azərbaycan dövləti bu dilin daşıyıcısı, qoruyucusu və gələcək nəsillərə ötürən ən etibarlı qalasıdır. Biz – bu günün gəncləri, müəllimləri, alimləri, sənət adamları, sadə vətəndaşları – təmiz, saf, əbədi Azərbaycan dilinin qoruyucularıyıq. Çünki bu dil bizim ruhumuzdur, varlığımızdır, dövlətimizin təməlidir.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki