Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə icra olunan. “Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsinin bağlanış mərasimi baş tutdu.
Bakues.az xəbər verir ki, bağlanış tədbirində layihə rəhbəri Lalə Qasımova, məktəbin direktoru Tünzalə Zeynalova və təlimçi Fərid Bağırov çıxış edərək layihənin uğurlu nəticələrini vurğuladı, iştirakçı şagirdləri təbrik etdi.
Layihə çərçivəsində şagirdlər sülh mədəniyyəti mövzusunda təlim kursları keçmiş, eyni zamanda “Bir həyətin hekayəti” kitabından seçilmiş mövzu əsasında aktyor ustalığı ilə hazırlanmış tamaşada çıxış ediblər. Rejissorun rəhbərliyi ilə 10 gün ərzində keçirilən məşqlərin nəticəsi olan bu tamaşa məktəbin azyaşlı şagirdləri üçün dəfələrlə nümayiş olunub.
Təlim proqramını uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub. Layihə müddətində aparılan bütün fəaliyyətlər və yeniliklər sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətlə paylaşılıb.
“Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsi həm şagirdlərin şəxsi inkişafına, həm də məktəbdə yaradıcı mühitin formalaşmasına mühüm töhfə verib.