image-qanunla-reklam
image-emin-emrullayev-nazir-brifinq

“Təhsil Nazirliyinin metodiki vəsaiti yoxdur” — “Müəllimlər özlərini təkmilləşdirə bilmirlər”

image-lady-day-az

Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabında müəllimlərlə bağlı yeni təklif irəli sürüb.

Sertifikasiyadan keçməyən müəllimlərçün kursların təşkil edilməsi ilə bağlı fikrlərini deputat belə əsaslandırıb.

O bildirib ki, sertifikasiya imtahanında uğur qazanmayan orta yaşlı müəllimləri təhsildən uzaqlaşdırmaq onlara həm maddi, həm də mənəvi zərbə ola bilər.

R.Nurullayev əlavə edib ki, belə müəllimlər üçün təşkil olunan kurslarda onlar biliklərini, metodoloji və pedaqoji bacarıqlarını artıra bilərlər.

Deputatın bu təklifini təhsil eksperti Cahid İmanlı da dəstəkləyib.

O, açıqlamasında bildirib ki, sertifikasiyada uğurlu nəticə əldə etməyən müəllimlərin əlavə kurslara cəlb edilməsinə ciddi ehtiyac var.

Ekspertin sözlərinə görə, əvvəllər müəllimlər bir neçə ildən bir iki aylıq təkmilləşdirmə kurslarına cəlb olunurdu, bitirənlərə sertifikatlar verilirdi. Təəssüf ki, sertifikasiya məsələsi ortaya çıxandan sonra təkmilləşmə kursları ləğv edildi:

“Təhsildə müasir standartlar tətbiq etdikcə metodlar da dəyişir. Hər hansı bir rəsmi qurum, məsələn Təhsil İnstitutu belə kurslar təşkil etməlidir. Sosial şəbəkələr üzərindən müəllimlərin metodoloji və pedaqoji bacarıqlarını artırmaq üçün ödənişli kurslar təşkil edilir. Yaxşı olardı ki, bunu elə Təhsil İnstitutu özü həyata keçirsin. Hətta bunun ödənişsiz olmalı olduğunu düşünürəm. Çünki Təhsil İnstitutunun əsas işi elə metodologiyadır”.

C.İmanlı imtahanalara hazırlaşan müəllimlər üçün resursların olmaması problemindən də bəhs edib:

“2017-ci ildə mən də bir müəllim kimi diaqnostik qiymətləndirmədən keçmişəm. Təhsil Nazirliyinin və ya Təhsil İnstitutunun sertifikasiyaya, işə qəbul imtahanına hazırlaşan müəllimlər üçün konkret metodiki vəsaiti yoxdur. Onlar özlərini təkmilləşdirə bilmirlər. Bu, ciddi problemdir. Sertifikasiya imtahanında müxtəlif sual tipləri qoyulur, amma onu müəllimlərə izah etmək üçün Nazirliyin nə bir kursu, nə də vəsaiti var”.

Müəllimlərin ixtisas üzrə biliklərinin yüksək olduğunu diqqətə çatdıran ekspert buna baxmayaraq, məktəblərdə metodoloji xidmətin çatışmadığını əlavə edib:

“Demək olar ki, bu məsələ sıfır səviyyədədir. Sertifikasiya suallarını cavablasaq da, yüksək bal toplasaq da bu, yalnız nəzəri biliklərimizin göstəricisidir, praktiki olaraq tətbiqi yoxdur. Təhsil ocaqlarının – məktəb, lisey, gimnaziya fərqi yoxdur – 90  faizində deyə bilərəm ki, metodoloji yanaşmalar tətbiq olunmur.

Regional təhsil idarələri məktəblərdə yoxlamalar aparır. Bu zaman heç bir nümunə dərs keçilmir. Bir metodist gəlsin, nümunə dərs keçsin, müəllimlər də dərsi buna uyğun qursunlar – belə şey olmayıb. Bu istiqamətdə heç bir tövsiyə verilmir, yalnız sənədlər yoxlanılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki