image-qanunla-reklam
image-1709108877_qebul1-scaled

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi

image-lady-day-az

Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi.

Məlum olduğu kimi, illər öncə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Qarabağ münaqişəsini dövlətimiz hər zaman sülh yolu ilə  həll etməyə  çalışmışdır.  Ötən üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılıb. Azərbaycan danışıqlar prosesində daim yüksək fəallıq göstərib və konstruktiv mövqedən çıxış edib. Azərbaycan Respublikasının torpaq itkisinə məruz qalmasına baxmayaraq, otuz ilə yaxın bir dövrdə danışıqlar prosesində iştirak etməsi ölkəmizin sülhə necə böyük önəm verməsini təsdiqləyir.

İllərlə Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun fəaliyyətindəki qeyri-ardıcıllıq diqqət çəkməyə bilməzdi. 30 ilə yaxın idi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hegemonluğu xalqımız üçün sağalmaz yaraya çevrilmişdi. Bu müddət ərzində münaqişənin dinc yolla tənzimlənməsi ilə əlaqədar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdikləri tədbirlər, aparılan danışıqlar, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlar heç bir fayda vermədi. İşğalçı ölkə öz havadarlarına və dünyada baş alıb gedən ikili standartlara güvənərək “böyük Ermənistan” yaratmaq iddiasından əl çəkmirdi. Tarixi torpaqlarımızın danışıqlar yolu ilə qaytarılcağına dair müxtəlif vədlər verilsə də, bir sıra beynəlxalq təşkilatların siyasi riyakarlığı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun işğalçını öz adı ilə çağırmaması təcavüzkarı daha da quduzlaşdırırdı. Ermənistanın quldur silahlı qüvvələrinin sərhədboyu ərazilərdə törətdikləri vəhşilikləri, dinc əhalini qətlə yetirmələrini, yaşayış məntəqələrini viranə qoymalarını Minsk qrupunun həmsədrləri sanki nə görür, nə də eşidirdi. Bəzən isə söz yığımından ibarət bəyanatlar verməklə “vəzifələrini icra etmiş” hesab edirdilər. Bu müddət ərzində çoxsaylı qətnamələr qəbul edilsə də, Ermənistan bunlara əhəmiyyət vermədi, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam etdi, sərhədboyu ərazilərdə vaxtaşırı təxribatlar törətdi, atəşkəsi pozdu, dinc əhalini qətlə yetirdi. ATƏT-in Minsk qrupunun həmsədrlərindən fərqli olaraq, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmadı. Azərbaycanın müzəffər Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuraraq düşməni diz çökdürdü. Azərbaycan Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi Döyüş meydanında acizliyini görən düşmən onun üçün kapitulyasiya hesab olunan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Qarabağın 30 illik işğalına son qoydu. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət möhtərəm Prezidentimiz  İlham Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün olmuşdur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi.

 Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamışdır. Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Bu tarix o qədər də uzaq keçmiş deyil və milliyyətindən asılı olmayaraq hər bir obyektiv tarixçi bu faktları etiraf etməkdən çəkinməməli və dünyada ədalətin, sülhün bərqərar olunması naminə haqq səsini ucaltmalıdır.

Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur. İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından deportasiya olunmuş, 1988-ci ildə başlayan Qarabağ hadisələri böyük fəlakətlərlə nəticələnmişdir. Tariximizin ən dəhşətli və ən acı səhifələrindən biri, qan yaddaşımıza çevrilmiş hadisə isə 1992-ci ilin əvvəllərində baş vermişdir. Erməni qəsbkarlarının – öz havadarlarının əlində maşaya çevrilmiş bu vəhşi millətin tarixi torpaqlarımıza hücumu nəticəsində ərazimizin 20 faizi işğal edilmişdir. Həmin ilin fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı ermənilər bəşəriyyət tarixində misli görülməmiş soyqırımılarından birini törətmişdir. Təəssüflər olsun ki, ermənilərin işğalçılıq, soyqırımı və qəsbkarlıq siyasəti bütün dünyanın gözü qarşısında baş vermiş, heç bir dünya dövləti bu ədalətsizliyə və beynəlxalq hüququn qəsdinə dur deməmişdir. Üstəlik Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllində heç bir irəliləyişə nail olmamış, işğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir. Azərbaycan dövləti isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Ölkəmizin bu humanizm addımları isə Ermənistanın qeyri-konstruktiv və təxribatçı hərəkətləri ilə nəticəsiz qalmışdır. Belə ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə müxtəlif yollara əl atmış, Azərbaycanın dövlət sərhədlərində atəşkəsi kobud şəkildə pozaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlar törətmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan nizannaməyə uyğun olaraq Azərbaycan münaqişəni özü həll edib. 2020-ci ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcəkdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki