Tarixi Zəfərimizin ilk günündən əsas hədəf sahibinə qovuşmuş torpaqlarımızın dirçəldilməsi, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır
Bugünümüzün reallıqları fonunda 30 illik işğal dövründə bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığını daha aydın görmək mümkündür. Həmin dövrdə artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, dondurmaq istiqamətində işlər aparırdı. Dövlətimizin başçısı İlham Əliyevin Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, onlar erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə, Ermənistan torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə həll olunmasın”.
2020-ci ilin 8 noyabrı, 2023-cü ilin 19-20 sentyabrı şərəfli və tarixi günlərdir: “Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək əsas hədəf Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, separatçı xunta kapitulyasiya aktına imza atdı. Artıq həmin vaxtdan Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Azərbaycan istədiyinə nail olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.
Tarixi Zəfərimizin ilk günündən əsas hədəf sahibinə qovuşmuş torpaqlarımızın dirçəldilməsi, keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır: “Azad edilmiş torpaqlarımız 30 illik dövründə törədilən vəhşiliklərin, dağıntıların təqdimatıdır. Bütün şəhər və kəndlər, tarixi və dini abidələrimiz dağıdılıb, məscidlərimiz təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərin boşaldılması zamanı ermənilərin törətdikləri vəhşiliklər diqqətdən kənarda qala bilməzdi. Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru