Tarixi Zəfərimiz
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı da edir ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsini şərtləndirdi. Hazırda yeni dünya nizamının formalaşması da öz növbəsində bu birliyə, həmrəyliyə çağırış edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni əməkdaşlıq formatlarının yaradılması, birgə addımların atılmasını zəruri edən sənədlərin imzalanması və sair günümüzün reallıqları sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderlərin iştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra – 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru