image-qanunla-reklam
image-643808464_1469819007831206_7061350814705045454_n

Tarixi Yaddaşın Təcəssümü və Ədalətin Zəfəri

image-lady-day-az

Tarixi Yaddaşın Təcəssümü və Ədalətin Zəfəri

 

Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş ən ağır faciələrdən biri – Xocalı soyqırımı heç vaxt unudulmur və unudulmayacaq. Bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Memorialın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hadisənin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

Dövlət başçısı qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Uşaqların, qadınların, qocaların amansızlıqla qətlə yetirilməsi Ermənistanın təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biri kimi tarixdə qalacaq. Prezident bildirdi ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və sistemli fəaliyyət göstərib.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsində qazanılan Zəfər və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Xocalıda Azərbaycan Bayrağının ucaldılması tarixi ədalətin təntənəsidir. Bu gün memorialın məhz azad Xocalıda inşa olunaraq açılması isə xüsusi rəmzi məna daşıyır – bu, həm şəhidlərin ruhuna ehtiram, həm də ədalətin zəfəridir.

Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər heç vaxt unudulmayacaq və bu cinayətləri törədənlər məsuliyyətdən kənarda qalmayacaq. Azərbaycanın apardığı hüquqi və siyasi mübarizə nəticəsində separatçı rejimin rəhbərləri və ağır cinayətlər törətmiş şəxslər ədalət mühakiməsinə cəlb olunublar. Bu, beynəlxalq hüququn və ədalətin aliliyinin təmin olunması baxımından mühüm hadisədir.

Prezident həmçinin qeyd etdi ki, Xocalı Soyqırımı Memorial Kompleksi gələcək nəsillər üçün mühüm bir yaddaş məkanı olacaq. Burada hər bir ziyarətçi 1992-ci ilin dəhşətlərini daha dərindən anlayacaq, faciənin miqyasını və xalqımızın yaşadığı ağrını hiss edəcək. Memorial həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış bir çağırışdır – belə cinayətlərə heç vaxt göz yumulmamalıdır.

Bu gün Xocalıda geniş quruculuq və bərpa işləri aparılır, sakinlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi nəticəsində şəhər müasir infrastruktura qovuşur, həyat yenidən canlanır. Memorialın açılışı da bu dirçəliş prosesinin mühüm tərkib hissəsidir.

Xocalı Soyqırımı Memorialının açılışı təkcə bir abidənin istifadəyə verilməsi deyil, həm də milli yaddaşın qorunması, tarixi ədalətin təsdiqi və gələcək nəsillərə ötürülməsi deməkdir. Bu memorial xalqımızın əyilməz iradəsinin, ədalətə inamının və Zəfər ruhunun rəmzi kimi daim yaşayacaq.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki