Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi.
Kəlbəcər rayonu Tərtərçay çayının ətrafında formalaşmış qədim yaşayış məskənidir. Buradakı 30 min ildən çox tarixi olan süni mağaralardan ibarət qədim yaşayış məskənləri, abidələr Azərbaycanda türklüyün, atəşpərəstliyin, xristianlığın və İslamın yayıldığı dövrlərdə yaradılıb.
Qədim Kəlbəcər rayonu tarixən həm coğrafi mövqeyinə, həm də zəngin təbii ehtiyatlarına görə ölkəmizin ən mühüm bölgələrindən biridir. Düşmən tapdağı altında qalan digər rayonlarımız kimi, Kəlbəcər də 30 ilə yaxın erməni vandalizminə məruz qalaraq sözün əsl mənasında viran qoyulmuşdur.Tarixə qızıl hərflərlə həkk olan qələbəmiz nəticəsində Kəlbəcər düşmən tapdağından azad edilmişdir.
Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Bu rayonda aparılan bərpa-quruculuq işləri Azərbaycan hakimiyyətinin məqsədyönlü fəaliyyətinin, dövlətimizin gücünün təntənəsi olmaqla yanaşı, ölkənin siyasi və iqtisadi qüdrətini özündə əks etdirir. Cənab Prezident İlham Əliyevin məhz avqust ayında Kəlbəcərə ilk köç edən yerli sakinlərlə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi, şəhərin dünyanın ən gözəl, mənzərəli guşələrindən birinə çevrildiyini diqqətə çatdırması heç də təsadüf deyildi. Dövlətimizin başçısı iyirmi doqquz bundan əvvəl Ümummilli liderin kəlbəcərlilərə verdiyi vədi bu gün yerinə yetirmiş oldu. Ulu Öndər Heydər Əliyev Kəlbəcərin “keçmiş gözəl vəziyyətinə qayıdacağına və gələcəkdə daha da gözəlləşəcəyinə” əminliyini ifadə etmişdi. Zaman öz hökmünü sözündə və əməlində qətiyyət və təpər sahiblərinin şərəfinə vermişdi. Sadəcə, hər şey göz qabağında olduğuna görə sözə ehtiyac qalmamışdı.
Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ölkənin bütün torpaqlarına şamil edilib. 2021-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət bayrağını Kəlbəcərdə qaldırdı. Bununla paralel olaraq dövlət başçısı qeyd etmişdi ki, şəhərin “bərpa və yenidən qurulması prosesinə” start verilir. İndi kəlbəcərlilər son illərdə doğma rayonlarında aparılan quruculuq işlərinin ilk bəhrəsi olan yeni mənzillərə köçürlər. Murovun zirvələrinə yenidən dik baxan kəlbəcərlilər bu dilbər guşəyə qürurla dönürlər.
Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. Həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın–Xankəndi yoluna çevirmək, həm Ermənistan–Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları – bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri