Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşdü. Xüsusilə, burada Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşündə hər iki ölkə arasındakı münasibətlər müzakirə olundu. Əvvəlcə qonaqpərvərliyə,tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidentinə təşəkkürünü bildirdi.
Ölkəmizin başçısı bildirdi ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Bu münasibətlər qardaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bundan başqa, Prezident İlham Əliyev çıxışında postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda gedən tikinti-quruculuq işlərindən danışdı: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.”
Ümumiyyətlə, Prezident İlham Əliyevin Düşənbə görüşü həm də ona görə səmərəli hesab olunur ki, oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə iki ölkə arasındakı siyasi gərginlik normallaşmağa doğu inkişaf etdi. Xüsusilə Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirdi ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq. Eyni zamanda, Vladimir Putin ilk dəfə olaraq AZAL təyyarəsinin qəzaya uğramasında Rusiyanın məsuliyyətini etiraf etdi: “Bu faciəyə görə Rusiya məsuliyyət daşıyır, zərərçəkmiş ailələrə kompensasiya ödəniləcək və günahkar şəxslər cəzalandırılacaq”.
Veteran müəllim Vəfadar Niftəliyev