Suveren dövlət
Suverenlik dövlətin və xalqın varlığının əsasını təşkil edən bir anlayışdır. O, dövlətin xarici müdaxilə olmadan özünü idarə etmək səlahiyyətini, xalqların öz muxtariyyətlərini, legitimlik və kimliklərini necə müəyyənləşdirdiklərini formalaşdıran əsas prinsipdir. Sadə dillə desək, suverenlik bir dövlətin xarici təsirə məruz qalmadan özünü idarə etməsi və müstəqil qərarlar qəbul etməsidir.
Suverenlik təkcə bir millət üçün öz ölkəsinin sərhədləri daxilində deyil, həm də beynəlxalq aləmdə həlledici əhəmiyyət kəsb edir.Dövlət suverenliyi xalq suverenliyi ilə sıx bağlıdır və sonuncu da öz növbəsində fərdin suverenliyi olmadan mövcud ola bilməz. Dövlət və xalq suverenliyi fərqli anlayışlar olsalar da, bir-birinə zidd deyillər.
Dövlət suverenliyi hər bir dövlətin ayrılmaz mülkiyyəti, onun beynəlxalq hüquq qabiliyyətinin məcburi şərtidir. Dövlət suverenliyi, həmçinin, dövlət hakimiyyətinin, yəni ictimai-siyasi hakimiyyətin təşkilinin aliliyi, müstəqilliyi, tamlığı, ümumiliyi və müstəsnalılığına əsaslanır. Yəni, dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Dövlətin suverenliyi həm də üstün hakimiyyəti, heç bir halda kənar təftişə məruz qalmayan və müstəqil göstərişlər verən gücünü ehtiva edir. Beynəlxalq hüquqa görə, suveren dövlət ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.
Tarixə nəzər salsaq görərik ki, 1990-cı illərin əvvəllərində ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi Azərbaycanın həmin ərazilər üzərində daxili suverenliyini məhdudlaşdırdı. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etməklə tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrın 19-da birgünlük antiteror əməliyyatı zamanı isə torpaqlarımızdakı erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından birəfəlik təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edildi
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu və Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü nəzərə alaraq, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar suverenliyə dair tarixi faktların araşdırılması və beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi, suverenlik dəyərlərinin və dövlətçiliyimizin daha da möhkəmlədirilməsi, həmçinin milli və hüquqi dəyərlərin təbliğ olunması baxımından ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru