Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.
Ölkə başçımız cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, müasir dövrdə texnoloji inkişaf dövlətlərin strateji prioritetinə çevrilib. Prezident vurğulayıb ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Dövlət başçısının qeyd etdiyi kimi, rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir. Süni intellekt texnologiyalarının dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sahələrində və sosial xidmətlərdə tətbiqi şəffaflığın artırılmasına, operativliyin təmin olunmasına və resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Bu isə öz növbəsində vətəndaş məmnunluğunu yüksəldir və idarəetmədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.
Müşavirədə data mərkəzlərinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanıb. Müasir və təhlükəsiz məlumat infrastrukturunun qurulması milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ölkənin regional rəqəmsal hab kimi mövqeyini gücləndirə bilər. Böyük həcmli məlumatların emalı və saxlanması imkanları innovativ startapların inkişafına, eləcə də beynəlxalq texnoloji şirkətlərlə əməkdaşlığın genişlənməsinə təkan verəcək. Rəqəmsallaşma ilə bağlı islahatlar iqtisadi şaxələndirmə siyasətinin də mühüm tərkib hissəsidir. Neft-qaz sektorundan kənar sahələrin inkişafı, yüksək texnologiyalar və bilik iqtisadiyyatına keçid məhz rəqəmsal infrastrukturun gücləndirilməsi hesabına mümkün olur. Bu baxımdan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir.
Nəticə etibarilə, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və kompleks rəqəmsal islahatlar Azərbaycanın qlobal rəqabət mühitində mövqeyini daha da möhkəmləndirəcək. Müasir çağırışlara cavab verən rəqəmsal dövlət modeli isə dayanıqlı və davamlı inkişafın əsas təminatına çevriləcək.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov.

















