Süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir
Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayır. Bu ölkənin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına zəmin yaranıb. Bu Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir. Prezidentin də söylədiyi kimi, “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı dəhlizdir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.
Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqlədilər: “Təsadüfi deyil ki, Cey. Di. Vens sülh sazişinin paraflanmasına görə Prezident cənab İlham Əliyevə xüsusi təşəkkür etdi. Tərəflər, həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayırlar. Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlətimizin başçısı bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə, eyni zamanda, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb”. Kibertəhlükəsizlik və süni intellekt sahəsində birgə tədqiqat və inkişaf dəstək alətləri, innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Vaşinqtonda Strateji Tərəfdaşlıq Xartiyası ABŞ–Azərbaycan münasibətlərinin dayanıqlılığına xidmət edən sənəddir.
Zərdab rayon Dəli Quşçu kənd sakini- Ziya Nağıyev






















