Strateji tərəfdaşlıq mətninin hazırlanması üçün Strateji İşçi Qrupu yaradılır.
Torpaqlarımızın işğaldan azad edilməsinin, ərazilərimizdə erməni separatizminə son qoyulmasının müəllifi olan cənab Prezident İlham Əliyev Azərbaycanın növbəti möhtəşəm uğuruna imza atdı.
İlk öncə qeyd etmək lazımdır ki, Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun sözügedən mövqeyindən irəli gəlir. Vaşinqton görüşü öncəsi Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı nikbin proqnozlar verilirdi, bu gözləntilər də özünü doğrultdu. Belə ki, Vaşinqtonda tarixi hadisələr baş verdi. Əvvəlcə qeyd edək ki, dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, xalqımız və ölkəmi haqqında müsbət fikirləri ilk növbədə dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir.
Dövlətimizin başçısının, ABŞ Prezidentinin və Ermənistanın baş nazirinin Vaşinqtonda keçirdikləri görüşün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə sülhə gedən yolda irəliyə doğru atılan mühüm addım olmaqla, Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi tarixə düşdü.
Bu günCənubi Qafqazda sülhü bərqərar edilir. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır. Dövlətimizin başçısı bəyanatında ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxdığını da vurğulayaraq qeyd edib: “ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq”.
İki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin dövlət başçılarının görüşü çərçivəsində Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da böyük əhəmiyyət kəsb edir. Azərbaycana qarşı ədalətsiz bir sənədin tətbiqinin dayandırılması da ölkələrimiz arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.
Rəşad İsmayılov – Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru