Strateji tərəfdaşlıq Azərbaycanın və Vyetnamın öz xarici əlaqələrini şaxələndirmək səylərinin bir hissəsidir
Qlobal güc mərkəzlərinin dəyişdiyi bir zamanda Vyetnam kimi inkişaf etmiş Asiya ölkəsinin Cənubi Qafqaz regionun güclü aktoru Azərbaycan ilə münasibətlətini inkişaf etdirməkdə maraqlı olması diqqətçəkicidir.
Bu mənada Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri rəsmi Hanoyun regional siyasətə marağının artdığını göstərir. Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli münasibətlərin yüksəlişinə yeni zəmin yaradacağı şübhə doğumur.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması tarixi hadisə oldu.
Birgə Bəyanatı strateji tərəfdaşlıq səviyyəsinin təsdiqi kimi qiymətləndirmək olar. Çünki bununla hər iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəldilər. Şübhəsiz, bu bəyanat siyasi dialoqun gücləndirilməsinə xidmət etməklə yanaşı, tərəflərin daimi yüksək səviyyəli təmaslar qurmasına və qarşılıqlı səfərlərin təşviqinə müsbət təsir göstərəcək.
Bununla yanaşı, strateji tərəfdaşlıq bəyanatı həm də Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Bu, hər iki ölkənin bir-birini mühüm və etibarlı tərəfdaş kimi qəbul etdiyinin sübutudur. Eyni zamanda, strateji tərəfdaşlıq bəyanatı Azərbaycan və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün bir çərçivə yaradır. Bu, sadəcə diplomatik münasibətlərin möhkəmləndirilməsi deyil, həm də iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə inkişafını nəzərdə tutur.
Həmçinin strateji tərəfdaşlıq Azərbaycanın və Vyetnamın öz xarici əlaqələrini şaxələndirmək səylərinin bir hissəsidir və hər iki ölkənin beynəlxalq arenada daha geniş əməkdaşlıq qurmaq istəyini göstərir. Strateji tərəfdaşlıq, adətən, ölkələr arasında uzunmüddətli perspektivə hesablanmış, geniş spektrli sahələrdə dərinləşdirilmiş əməkdaşlığı və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini ehtiva edir. Buna görə də, Birgə Bəyanat, əminliklə demək olar ki, iki ölkənin qarşılıqlı maraqlarına cavab verən, uzunmüddətli və hərtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirən fundamental bir sənəddir. Bunun tam və effektiv icrası ikitərəfli münasibətlərin konkret nəticələrlə zənginləşməsinə və hər iki xalqın rifahına töhfə verəcək. Bununla yanaşı Azərbaycan və Vyetnam arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər də imzalandı ki, bu da iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını hədəfləyir.
Vyetnam liderinin ölkəmizə səfəri və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq. Strateji tərəfdaşlıq statusu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və eyni zamanda Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə yeni aspektlər əlavə edir. Cənab To Lamın Bakıya səfəri, sadəcə, iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də Asiya və Avrasiyanın yeni geosiyasi əlaqələnməsi kimi qiymətləndirilə bilər. Şübhəsiz, bu səfər Azərbaycan diplomatiyasının yeni geosiyasi çoxqütblülüyünün daha bir təsdiqidir və ölkəmizin iqtisadi əməkdaşlıq, dostluq münasibətlərinə açıq olduğunun təzahürüdür.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Vyetnam xalqı uzun illər müstəmləkəçilik, istila, hərbi müdaxilə şəraitindən qurtularaq, nəhayət, yeni inkişaf dövrünü yaşamaqdadır
Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar Cənubda İranla dostluq və əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu və BRİKS hədəfi, ötən ay Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması məhz rəsmi Bakının Qitələr arasında dayanıqlı körpülərin qurulmasına verdiyi töhfənin böyük əhəmiyyətindən xəbər verir.
Bu gün uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr də məhz bu prizmadan dəyərləndirilməlidir. Mayın 6-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri ərəfəsində Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibənin ruhu və dünən səfərin yekunları ilə bağlı mətbuata bəyanatının tezisləri iki ölkə arasındakı əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoyduğuna dəlalət edir.
Qeyd edək ki, Vyetnam xalqı uzun illər müstəmləkəçilik, istila, hərbi müdaxilə şəraitindən qurtularaq, nəhayət, yeni inkişaf dövrünü yaşamaqdadır. Ölkənin müharibədən sonrakı bərpasında, xüsusən də SSRİ dövründə neft-qaz sənayesinin qurulmasında Azərbaycanın çox böyük dəstəyi və neftçilərimizin böyük tarixi xidmətləri olub. Xalqlarımız arasındakı münasibətlərin təməli məhz həmin dövrdə qoyulub. Ulu öndər Heydər Əliyevin 42 il əvvəl – 1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Bu səfər keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın Vyetnamla münasibətlərinin inkişafını sürətləndirib, sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilib.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal