Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova payız sessiyasının ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı barədə danışıb.
Musavat.com-un məlumatına görə, spiker bildirib ki, dövlətimizin başçısı BMT kürsüsündən çıxış edərək Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan etdi.
Parlament sədri ardınca deyib:
“Dövlət başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və lider ölkə statusuna keçib. Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərib ki, dayanıqlılıq yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür. Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına, infrastrukturuna inkişafına böyük diqqət yetirildi”.
Spiker qeyd edib ki, Milli Məclis ötən sessiyaları uğurla başa vurub, Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb:
“Milli Məclisin bu il üçün yaz və iki növbədənkənar sessiyası baş tutub. Həmçinin Vaşinqton razılaşmaları ilə bağlı xüsusi iclas keçirilib. Son 3 sessiyada 22 iclas keçirilib, ümumilikdə, 110 qanun və qərar qəbul edilib.
Sessiyalararası dövrdə isə 20 deputat 10 xarici ölkəyə 23 səfər edib. Onlar 5 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Sessiyalararası dövrdə həmçinin 23 ölkənin nümayəndə heyəti Milli Məclisdə olub”.