Soyqırımının 100 illik yubileyi ilə əlaqədar imzalanmış Sərəncam.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində dərin iz buraxmış faciələrin anıldığı, milli yaddaşın qorunub saxlandığı və gələcək nəsillərə ötürüldüyü mühüm günlərdən biridir. Bu tarix təkcə hüzn və matəm günü deyil, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası istiqamətində aparılan mübarizənin simvoludur.
XX əsrin əvvəllərində, xüsusilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş qırğınlar öz qəddarlığı və miqyasına görə tarixdə xüsusi yer tutur. Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, xalqımızın maddi və mədəni irsinə ciddi ziyan vurulmuşdur. Bu hadisələr uzun illər ərzində lazımi siyasi-hüquqi qiymətini almamış, tarixi həqiqətlər təhrif olunmuşdur.
Müstəqillik dövründə isə bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirilmiş, soyqırımı faktlarının araşdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə 1918-ci il hadisələrinin 100 illik yubileyi ilə bağlı qəbul edilən sənədlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Bu Sərəncamın icrası çərçivəsində ölkə daxilində və xaricdə çoxsaylı elmi konfranslar, sərgilər, anım tədbirləri keçirilmiş, tarixi həqiqətləri əks etdirən nəşrlər hazırlanmışdır. Bu tədbirlər Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi ədalətin bərpası və dezinformasiyaların qarşısının alınması baxımından mühüm rol oynamışdır.
Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın birliyinin, tarixə sədaqətinin və milli yaddaşının göstəricisidir. Soyqırımının 100 illik yubileyi ilə əlaqədar imzalanmış Sərəncam isə bu istiqamətdə aparılan siyasətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiq edir. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur və bu istiqamətdə görülən işlər Azərbaycan dövlətinin prioritetlərindən biri olaraq qalmaqdadır.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


























