image-qanunla-reklam
image-1772522787_0dfee265dcc5f5c82495043bb850c941

Son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritet məsələyə çevrilmişdir

image-lady-day-az

Son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritet məsələyə çevrilmişdir

Müasir beynəlxalq münasibətlər sistemində enerji amili dövlətlərin iqtisadi və siyasi gücünün əsas göstəricilərindən birinə çevrilmişdir. Qlobal enerji təhlükəsizliyinin aktuallaşdığı bir dövrdə Azərbaycan özünün zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi və etibarlı tərəfdaş imici ilə Avropanın enerji bazarında strateji aktor kimi çıxış edir. Bu baxımdan ölkəmizin Avropa enerji bazarında mövcudluğunu daha da genişləndirmək niyyəti həm milli maraqlara, həm də tərəfdaş dövlətlərin enerji təhlükəsizliyi strategiyalarına tam uyğundur.

Azərbaycanın enerji siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Əsrin müqaviləsi”ndən başlanan strateji xətt ölkəmizi qısa müddətdə regionun əsas enerji mərkəzinə çevirmişdir.

Bu siyasətin mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizinin formalaşdırılması olmuşdur. SOCAR və beynəlxalq tərəfdaşların iştirakı ilə reallaşdırılan bu layihə Xəzər qazının birbaşa Avropa bazarına çıxışını təmin etmişdir. Xüsusilə Trans Adriatic Pipeline (TAP) vasitəsilə Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliya bazarlarına çatdırılır.

Son illərdə Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritet məsələyə çevrilmişdir. Enerji təchizatında etibarlı və sabit tərəfdaşlara ehtiyac artmışdır. Azərbaycan isə uzun illərdir ki, müqavilə öhdəliklərinə sadiqliyi, sabit daxili siyasi mühiti və inkişaf etmiş infrastruktur imkanları ilə seçilir.

Bu gün Azərbaycan qazı artıq bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Qarşıdakı mərhələdə qaz ixracının həcminin artırılması, yeni interkonnektor xətlərinin çəkilməsi və mövcud marşrutların genişləndirilməsi əsas hədəflər sırasındadır.

Azərbaycan yalnız karbohidrogen resursları ilə deyil, həm də bərpaolunan enerji potensialı ilə Avropa bazarında mövqeyini gücləndirməyi qarşıya məqsəd qoymuşdur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi imkanları və “yaşıl enerji zonası” təşəbbüsləri ölkəmizin uzunmüddətli strategiyasının tərkib hissəsidir.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl enerji layihələri gələcəkdə “yaşıl elektrik”in Avropaya ixracını mümkün edə bilər. Bu isə Azərbaycanın enerji tərəfdaşlığını yeni mərhələyə yüksəldəcək.

Avropanın enerji bazarında mövcudluğun genişləndirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, iqtisadi gəlirlərinin çoxalmasına və strateji mövqeyinin möhkəmlənməsinə xidmət edir. Enerji diplomatiyası ölkəmizin xarici siyasətinin mühüm alətinə çevrilmişdir.

Eyni zamanda, bu proses Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşmasına şərait yaradır.

Azərbaycanın Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyəti təsadüfi deyil, düşünülmüş və strateji əsaslara söykənən dövlət siyasətidir. Enerji ehtiyatlarının səmərəli idarə olunması, nəqliyyat infrastrukturunun inkişafı, alternativ enerji layihələrinin həyata keçirilməsi və etibarlı tərəfdaş imici ölkəmizi Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir.

Gələcək mərhələdə həm qaz ixracının artırılması, həm də yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropa enerji məkanında rolunu daha da gücləndirəcəkdir. Bu isə milli maraqlarımıza xidmət etməklə yanaşı, qlobal enerji təhlükəsizliyinə də mühüm töhfə verəcəkdir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki