Döyülən erməni silahlılarına rast gəlməmək üçün İrəvanın çıxış yolu varmı?
Qalib Azərbaycan xalqı Silahlı Qüvvələrimizin yaranmasının 103-cü ildönümü tam fərqli bir əhval ruhiyyədə keçirdi. Tarixində ilk dəfə Əsgərlərimiz Qalib Sialhlı Qüvvələr Gününü qeyd etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin qeyd etdiyi belə bir təntənəli gündə, tarixi Qələbənin əldə edilməsində mühüm rol oynayan şəxsi heyət ilə görüşü gözlənilən idi.
Bu görüşdə dövlət başçısı Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi Qələbədə Silahlı Qüvvələrimizin rolu, müasir ordu quruculuğu və Ermənistanla münasibətlərə dair bir neçə mühüm bəyanatlar səsləndirib. Sonuncudan başlayaq.
Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi Ermənistanla sülh müqaviləsinin əldə olunması üçün səsləndirdiyi təkliflər kifayət qədər yumşaq və konstruktivdir. Bu təkliflər özündə Ermənistana öz qonşuları ilə normal münasibətlər qurmağı və onlara qarşı ərazi iddialarından imtina etməyi nəzərdə tutur. Biz post müharibə dövründə məğlub tərəflərin daha alçaldıcı şərtlərlə razılaşmağa məcbur edildiyinin də şahidi olmuşuq.
Əslində Ermənistan faktiki olaraq bu şərtləri yerinə yetirməyə bilməz. Çünki bu şərtlərin qəbul edilməməsi və ya onun əksini gerçəkləşdirmək üçün İrəvanın real hərbi potensialı yoxdur. Sərhəddə Azərbaycan əsgərinin hər hərəkətindən hürükən Ermənistan hazırda təhlükəsizliyini təmin etmək üçün öz ordusuna güvənə bilmir, çünki erməni ordusunun adı var, özü yox. Yardım üçün havadarlarına fasiləsiz və nəticəsiz müraciətlər edir. KTMT artıq Ermənistan müraciətini müzakirə belə etmir. Belə bir vəziyyətdə Ermənistan üçün ən doğru və konstruktiv yol Azərbaycan Prezidenti İ.Əliyevin təkliflərini qəbul etməkdən keçir. Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində fəaliyyətlərin aktivləşdirilməsi, delimitasiya üzrə işçi qrup yaradılması və sülh müqaviləsinə hazırlıq işlərinə başlaması İrəvanın real vəziyyətdə ata biləcəyi və maraqlarına da uyğun gələn real addımlardır. Əks təqdirdə erməni rəsmilər könüllü şəkildə sərhədlərimizdən çıxmadığına görə döyülən və söyülən erməni silahlılarına aid daha çox görüntüləri izləmək şansı əldə edəcəklərinə əmin olmalıdırlar.
Azərbaycan regionda və beynəlxalq aləmdə qazandığı nailiyyətləri Ermənistan olmadan əldə edib. Nəhəng layihələri Bakı Ermənistansız həyata keçirib. Azərbaycan bölgədə istədiyinə də nail olub, qonşuları ilə bütün kommunikasiyaları qurub, enerji xətlərini inşa edib, dəmir yollarını şaxələndirib, nəqliyyat layihələrini uğurla icra edib. Ermənistan isə hələ də “dalanda” ilişib qalıb. Deməli rəsmi Bakının səsləndirdiyi təklifləri əslində Ermənistanın xahişlərinə çevrilməlidir. Əks halda Ermənistan 30 illik işğal dövründə olduğu kimi, bu dəfə də region ölkələrinin gerçəkləşdirəcəyi layihələrdən kənardakı “dalanda” qalmaqda davam edəcək. KTMT-dən və BMT-dən İrəvana dəstək olmayacağı birmənalıdır. Qarabağ artıq dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınıb. Seçim Ermənistanındır.
Ermənistana edilən təkliflər, Qarabağda 30 il ərzində ermənilərin işğal etdikləri ərazilərdə törətdiyi vəhşilikləri, o cümlədən Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı qətliamlarını, dağıdılan şəhər və kəndləri, talan edilən mədəni irsimizi unutmaq anlamına gəlməz. Bunu unudanları, işğal altında olan ərazilərin azad edilməsində canından keçən Şəhidlərimizin müqəddəs ruhu bağışlamaz. Bütün bu törədilənlərə görə kimsə Ermənistanı tam həcmli məsuliyyətdən yayındıra bilməz.
Birgə Bəyanatın imzalanmasından 7 ay keçib. Ölkə Prezidenti İ.Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz bu müddət ərzində Ermənistan silahlılarından təmizlənən ərazilərdə möhkəmlənir, Azərbaycan-İran sərhəddi tam bərpa edilib, Ermənistanla sərhəddimizin 400 km-lik hissəsi artıq nəzarətimiz altındadır. İşğaldan azad edilən ərazilərdə kifayət qədər böyük quruculuq işləri davam edir. Silahlı Qüvvələrimizin məişət şəraitinin yaxşılaşdırılması üçün işğaldan azad edilən ərazilərdə hərbi hissələr, şəhərciklər, komendaturalar və zastavalar inşa edilir, sərhəd zolağı standartlara uyğun təchiz edilir. Minalanan ərazilərin təmizlənməsi işləri uğurla davam edir. Bu fəaliyyətlərə həm xarici şirkətlər, həm də ölkələrdə istehsal edilən mexaniki vasitələr cəlb edilib. Həm Müdafiə Nazirliyinin tabeliyində olan mühəndis istehkam hissə və bölmələrinin, həm də ANAMA-nın tərkibi genişləndirilib.
Azərbaycan Prezidenti İ.Əliyevin azad olunan ərazilərin həm mina və digər partlamayan sursatlardan təmizlənməsinə, həm nəhəng infrastuktur layihələrinə, həm də şəhər və kəndlərin yenidən qurulmasına böyük investisiyaların tələb olunduğu bir zamanda Silahlı Qüvvələrimizin bu ərazilərdə xidmət edən həqiqi hərbi xidmət qulluqçularının maaşlarına əlavələr etməsi, dövlət başçılsının hərbi qulluqçuları daim diqqət mərkəzində saxladığını nümayiş etdirir.
Azərbaycanda müasir ordu quruculuğu barəsində daha əvvəl səsləndirilən “türk ordu modeli” prinsipi əsasında islahatlar artıq həyata keçirilməyə başlayıb. Bu islahatlar Silahlı Qüvvələrin həm ştat strukturlarında, həm də silahlanmasında müsbət dəyişikləri nəzərdə tutur. Yeni qoşun növünün yaradılması istisna deyil. Bu istiqamətdə tərəfdaş və müttəfiq ölkələrlə, xüsusilə Türkiyə və Pakistanla intensiv və mühüm məsləhətləşmələr aparılır. Azərbaycan Ordusunun say tərkibinin artırılması isə gələcəkdə də təhlükəsizlik və müdafiə məsələlərinin prioritet olacağını göstərir.
Silahlı Qüvvələrimizin müharibədən sonra yenidən qurulması mərhələsinin başlanıb. Hazırda Silahlı Qüvvələrimizin təchizat və təminatının yaxşılaşdırılması üçün yeni kontraktların imzalanır. Bu kontraktlar güc strukturlarımıza yeni və müasir silah və sursatların, hərbi təyinatlı texnikaların, avanqard texnologiyaların alınmasına imkan verəcək. Bağlanılan kontraktların bəziləri artıq icra edilməyə başlayıb. Silahların satın alınmasında Azərbaycana Vətən Müharibəsində ənənəvi dəstək verən ölkələrə üstünlük verəcəyi şübhəsizdir. Türkiyə, Pakistan, Macarıstan və İtaliya ilə hərbitexniki əməkdaşlığın daha da genişlənəcəyi, bəzi silah sistemlərinin isə birgə istehsalı da gözlənilir. ABŞ ilə hərbi sahədə əlaqələrin inkişafına dair ümidlər artır.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin rəhbərliyi altında aparılan Vətən Müharibəsi nəticə etibarı ilə xalqımızın layiq olduğu haqq və ədalətin təntənəsi oldu. İnanırıq ki, dövlət başçımızın müstəsna sərkərdəlik və yüksək diplomatik səyləri nəticəsində Azərbaycan Bayrağı mümkün ən qısa müddətdə Xankəndi üzərində dalğalanacaq.
Ədalət Verdiyev, Hərbi ekspert



















