image-qanunla-reklam
image-media-ycormeyw7yxkwvtvrvqrzood4i7ijm48qys8fkrk-b4c5stox1rekvwy3zum6

Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib

image-lady-day-az

Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib.

 

XX əsrin əvvəlləri Azərbaycan tarixində siyasi, ictimai və mədəni inkişaf baxımından mühüm mərhələ kimi xarakterizə olunur. Bu dövrdə Azərbaycan cəmiyyəti yeni ideyaların, demokratik dəyərlərin və milli azadlıq hərəkatının təsiri altında böyük dəyişikliklər yaşayırdı. Xüsusilə qadınların cəmiyyət həyatında rolunun artması, onların təhsil alması və ictimai proseslərdə iştirak etməsi məsələsi gündəmə gəlmişdi. Bu baxımdan Azərbaycan qadınlarının hüquqlarının genişləndirilməsi istiqamətində atılan addımlar ölkənin demokratik inkişaf tarixində xüsusi yer tutur. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının tarixində mühüm siyasi hadisə idi. Bu dövlət qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, bir çox mühüm demokratik islahatlar həyata keçirmişdir. Bu islahatlardan ən mühümlərindən biri qadınlara seçib-seçilmək hüququnun verilməsi idi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk Şərq dövləti olmuşdur. Bu qərar həmin dövr üçün olduqca irəlidə olan demokratik addım hesab edilirdi. 1918-ci ildə qəbul edilən seçki qanunvericiliyinə əsasən Azərbaycanda bütün vətəndaşlar, o cümlədən qadınlar irqindən, dinindən, sosial mənşəyindən və milli mənsubiyyətindən asılı olmayaraq seçkilərdə iştirak etmək hüququ əldə etdilər. Bu, qadınların yalnız seçmək deyil, həm də seçilmək hüququna malik olması demək idi. Qeyd etmək lazımdır ki, həmin dövrdə bir çox inkişaf etmiş Avropa ölkələrində belə qadınlara bu hüquq verilməmişdi. Məsələn, bəzi Avropa dövlətlərində qadınlara seçki hüququ daha gec – XX əsrin 20-30-cu illərində verilmişdir. Bu fakt Azərbaycanın demokratik dəyərlərə nə qədər böyük önəm verdiyini göstərir. Qadınlara seçki hüququnun verilməsi Azərbaycan cəmiyyətində mühüm sosial dəyişikliklərə səbəb oldu. Qadınlar tədricən ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə başladılar. Təhsil sahəsində, mədəniyyət və maarifçilik fəaliyyətində qadınların rolu artdı. Qadınların cəmiyyətin inkişafında mühüm qüvvə kimi çıxış etməsi üçün hüquqi və sosial zəmin formalaşdı.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan hüquqi baza da əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Qadın haqlarının hüquqi əsasları ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Konstitusiyada kişi və qadının eyni hüquq və azadlıqlara malik olduğu açıq şəkildə təsbit edilmişdir. Bu prinsip dövlətin gender siyasətinin əsasını təşkil edir. Gender bərabərliyinin təmin edilməsi istiqamətində qəbul edilmiş qanunlar və dövlət proqramları qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradır. Qadınların dövlət idarəçiliyində, parlamentdə, təhsil və elm sahələrində, iqtisadi fəaliyyətlərdə iştirakının artırılması bu siyasətin əsas istiqamətlərindən biridir. Bütün bu proseslər ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Azərbaycan qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirir. Dövlət strukturlarında qadınların təmsilçiliyinin artırılması, qadın sahibkarlığının dəstəklənməsi, qadınların təhsil və sosial müdafiə imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindən hesab olunur.

Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Qadınlar dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində, mədəniyyət və incəsənətdə mühüm rol oynayırlar. Bu isə qadın hüquqlarının qorunması sahəsində həyata keçirilən siyasətin real nəticələrini göstərir. Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi ölkənin demokratik inkişaf tarixində mühüm mərhələ olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan bu demokratik ənənə sonrakı dövrlərdə də davam etdirilmiş və müasir Azərbaycan dövlətində qadın hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan qadınları hüquq və azadlıqlarını sərbəst şəkildə həyata keçirərək ölkənin inkişafına mühüm töhfələr verməkdə davam edirlər.

 

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki