Separatçıların Qarabağda qeyri – qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir.
2020-ci ilin 10 noyabr Bəyanatından sonra Qarabağda qalmış erməni silahlı dəstələri öz fəaliyyətini davam etdirməsi hadisələrin daha da kəskinləşməsinə səbəb oldu. Rejimin əlindəki silah-sursatın gizli yollarla artırılması, minaların yerləşdirilməsi və təxribatların təşkil olunması yalnız gərginliyin artmasına deyil, həm də regionda sabitliyin pozulmasına yönəlmiş addımlar idi. Bu vəziyyət Azərbaycan dövlətini susmaqla kifayətlənməməyə, milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün daha qətiyyətli və məqsədyönlü addımlar atmağa vadar etdi. Beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, eləcə də davam edən təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də qısamüddətli və lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Əməliyyat zamanı düşmənin əsas hərbi infrastruktur obyektləri zərərsizləşdirildi, qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkəmizin suverenliyi tam şəkildə təmin olundu. Bu addım bölgədə davamlı sülh və sabitlik üçün real zəmin yaratdı. Ölkəmizin ərazisində Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq məqsədilə 2023-cü il 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım, üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə atılsa da, Ermənistan tərəfindən narazılıqla qarşılandı. Buna baxmayaraq, sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistanın Qarabağa qanunsuz silah-sursat və canlı qüvvə göndərməsinin qarşısını almaqda mühüm rol oynadı və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ciddi töhfə verdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu.Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən basdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, həmçinin Ağdam və Şuşada törədilən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa məcbur etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrinin mövqelərini möhkəmləndirməsi və yüksək döyüş hazırlığı əməliyyatın zəruriliyini daha da artırdı. Bütün bu hadisələr Azərbaycanın Konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlamasına səbəb oldu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu müasir, yüksək dəqiqlikli silahlardan istifadə edərək düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını məhv etdi. Qarabağdakı erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə etdiyi müraciət əsasında atəşkəs razılaşması əldə edildi. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı birləşmələrin, həmçinin Ermənistan ordusunun tam tərksilah edilərək Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə koordinasiyada həyata keçirilməsi şərti ilə tədbirlər görüldü
Rayon Ağsaqqallar Şurasının sədri- Rasim Hüseynov.