Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Azərbaycanın müasir tarixi həm siyasi, həm də milli kimlik baxımından mühüm mərhələləri özündə ehtiva edir. 44 günlük Vətən müharibəsində əldə olunan qalibiyyət bu tarixin ən parlaq səhifəsini təşkil edir. Xalqımızın əsrlər boyu formalaşan milli iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi-hərbi liderliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Zəfərdən sonra işğaldan azad edilmiş şəhərlərimizin hər biri üçün xüsusi günün təsis olunması bu tarixi qayıdışın dövlət səviyyəsində rəmziləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və həmin sənədə əsasən 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi şanlı zəfərin davamlı yad edilməsi məqsədinə xidmət edir. Kəlbəcər uzun illər işğal altında qalmış, Ermənistan tərəfindən genişmiqyaslı talana məruz qoyulmuş, eyni zamanda öz coğrafiyası, strateji mövqeyi və təbii sərvətləri ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bölgələrdən biridir. Onun azad olunması Vətən müharibəsinin nəticələri fonunda əldə olunan ən mühüm nailiyyətlərdən sayılır. 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü kimi rəsmiləşdirilməsi həm bu qələbənin rəmzi, həm də Kəlbəcərin Azərbaycan dövlətçiliyində tutduğu yerin vurğulanması baxımından mühüm addımdır. Bu qərar dövlətin işğaldan azad olunmuş ərazilərə dönüş siyasətinin ideoloji əsasını formalaşdırır, tarixi-mənəvi bağların möhkəmləndirilməsinə xidmət edir.Kəlbəcər şəhəri gününün təsis olunması həmçinin bölgənin bərpasına, yenidən qurulmasına və gələcək inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı infrastruktur layihələri, yolların, enerji xətlərinin, sosial obyektlərin tikintisi, kənd və şəhərlərin yenidən salınması regionun dirçəldilməsinin real təzahürüdür. Şəhər günü isə bütün bu proseslərin ideoloji-simvolik çərçivəsini müəyyən edərək Kəlbəcərin yeni dövrdəki rolunu daha da gücləndirir.25 noyabr yalnız bir tarix deyil, həm də Kəlbəcərə qayıdışın, zəfərin, dövlətçilik ənənələrinə sədaqətin və milli qürurun təcəssümüdür. Bu günün hər il qeyd olunması Azərbaycan xalqının qələbə ruhunu yaşadan mühüm dövlət qərarı olmaqla, gələcək nəsillərə torpağa bağlılıq, suverenlik və mübarizə irsini ötürən əhəmiyyətli mənəvi platforma rolunu oynayır. Beləliklə, 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi Azərbaycan dövlətinin Şanlı Zəfəri daim yaşatmaq iradəsinin və işğaldan azad olunmuş ərazilərin dirçəlişinə verilən strateji önəmin bariz ifadəsidir.
Zərdab rayon Məmmədqasımlı kənd sakini-Mansurova Fatmaxanım Gülməmməd qızı



















