20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqı üçün həm böyük qürur, həm də dərin mənalı bir tarixdir. Bu gün Ağdamın yenidən doğuluşunun, torpaqlarımızın azad olunması ilə nəticələnən şanlı Vətən müharibəsi zəfərinin və millətin sarsılmaz iradəsinin simvoludur. 27 il işğal altında qalmış, viran edilərək xəritədən silinmək istənilən Ağdamın 2020-ci ildə yenidən Azərbaycan nəzarətinə qaytarılması yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası idi. Bu zəfərin yaddaşlarda əbədiləşdirilməsi isə milli kimliyimizin, dövlətçilik ruhumuzun və gələcək nəsillərə ötürəcəyimiz ən dəyərli miraslardan biridir.
Ağdamın azad edilməsi ilə bağlı hər bir xatirə, hər bir sənəd, hər bir iz şanlı zəfər tariximizin tərkib hissəsidir. Azərbaycanın müstəqil dövlət kimi öz torpaqlarını bərpa etmək gücünü göstərməsi və beynəlxalq hüququn ədalətli prinsiplərinin gerçəkləşməsi bu qələbəni daha da möhtəşəm edir. Məhz buna görə Ağdam şəhəri günü təkcə bir rayonun işğaldan azad edilməsinin deyil, ölkəmizin bütövlük uğrunda apardığı mübarizənin rəmzidir.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri zəfərin əbədiləşdirilməsinin praktiki təzahürüdür. “Ağıllı şəhər” konsepsiyası əsasında qurulan infrastrukturlar, müasir yollar, hava limanı, yaşayış məhəllələri və sosial obyektlər təkcə şəhərin fiziki dirçəlişi deyil, həm də Azərbaycanın gələcəyə inamla addımladığını göstərir. Hər bir tikinti, hər bir layihə keçmişin ağrılarını xatırlatsa da, eyni zamanda yeni həyatın başladığını elan edir.
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Şanlı zəfərimizi əbədiləşdirmək eyni zamanda milli yaddaşın qorunması deməkdir. Bu məqsədlə şəhidlərimizin xatirəsinə ucaldılan abidələr, memorial komplekslər, muzeylər və Ağdamın işğal dövrünü sənədləşdirən arxiv materialları gələcək nəsillərə həm faciənin, həm də qələbənin mənasını çatdıracaq. Bu, həm də bir millət olaraq yurdumuza, torpağımıza və dövlətçiliyimizə sahib çıxmağımızın simvolik ifadəsidir.
20 Noyabr – Ağdam şəhəri günü xalqımızın birliyinin, iradəsinin və mübarizə ruhunun təntənəsidir. Bu gün şəhidlərimizin müqəddəs ruhuna ehtiramla yanaşaraq, qazandığımız qələbənin əzəli və əbədi olmasını dərk edirik. Ağdamın dirçəlişi, həyatın yenidən bu torpaqlara qayıdışı şanlı zəfərimizin canlı abidəsidir.
Bu zəfərin əbədiləşdirilməsi isə yalnız bu torpaqlarda yenidən qurulan həyatla deyil, eyni zamanda xalqımızın qəlbində daşıdığı böyük qürurla mümkün olacaq.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru
















