Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Hüseynovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayon sakini Əli Mustafayev də karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, o, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Nərimankənd kənd sakini Mirhüseyn Hüseynov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



















