Rusiya ordusunun əsas hədəfinin artıq Kiyev olduğuna heç bir şübhə yoxdur.
Qanunla.az xəbər verir ki, əgər bu gün səhər saatlarında müharibənin Donetsk və Luqansk vilayətinin ərazisini (Donbasın 53 min kv.km ərazisini, separatçılar bunun 16 min kv.km-sına nəzarət edirdilər) əhatə edəcəyi düşüncəsi var idisə, qısa müddət sonra hədəfin Kiyevi tutmaq və hakimiyyəti dəyişmək olduğu üzə çıxdı.
Bunu rus ekspert də açıq şəkildə bildirib. Rusiyalı politoloq, Kremlin siyasi məsləhətçisi, “Sonar-2050”-nin baş redaktoru Semyon Uralov Ukrayna xalqına ünvanladığı müraciətində rus ordusunun bu gecə Kiyevə girəcəyini və Zelenski başda olmaqla, hakimiyyət nümayəndələrinin həbs və ya məhv ediləcəyini açıqlayıb.
Bu isə o deməkdir ki, ABŞ müharibənin nəinki tarixini, hətta əhatə dairəsini də bilirmiş. Xatırlayaq ki, ABŞ kəşfiyyat məlumatlarına istinadla müharibənin Pekin Olimpiadasından dərhal sonra başlayacağı haqda uzun müddətdir açıqlama verirdi.
Üstəlik, ABŞ Kiyevdəki səfirliyini Polşa ilə sərhədin 65 km-də yerləşən Lvova köçürdü və ABŞ-ın ardınca əksər ölkə bu addımı atdı. ABŞ səfirliyini köçürərkən nə “dxr” və “lxr”in müstəqilliyinin tanınması vardı, nə də Rusiyanın hücum edəcəyi ehtimalı bu qədər güclü idi. ABŞ səfirliyinin çox azsaylı diplomatları heç Lvovda da duruş gətirmədi, Polşada qalmağı seçdi. Onlar yalnız “zəruri işlər üçün” Lvova gəlib-qayıdırlar.
Beləliklə, ABŞ kəşfiyyatının Rusiyanın bütün hərbi həmlələri haqda son dərəcə dəqiq məlumatı olub. Əvəzində Ukraynaya nə müasir havadan müdafiə sistemi (məsələn, “Patriot”), nə qanadlı raket (məsələn, “Tomahavk”), nə də xüsusi əvəzedilməz silahlar verildi. Ukraynaya yalnız “Javelin”lər daşınıb – quru döyüşləri üçün.
Məqsəd və hədəf nədir? Rusiyanın Əfqanıstandakı kimi içərilərə rahat və sürətli girişini təmin etmək, daha sonra quru döyüşləri zamanı batırmaq?..


























