Rusiya-Ukrayna müharibəsi Avropaya böyük sərmayə qoyan və gəlirləri Rusiyanın təcavüzü nəticəsində yaranan qeyri-müəyyənlikdən əziyyət çəkən Amerika şirkətlərinə mənfi təsir göstərir.
Qanunla/az xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Amerika şirkətlərinin Avropadakı aktivləri 19,2 trilyon dollar təşkil edib ki, bu da Amerika korporasiyalarının dünya üzrə bütün xarici aktivlərinin təxminən 64%-ni təşkil edir. Amerika şirkətlərinin Avropadakı törəmə şirkətlərindən satışları isə 3,9 trilyon dollar təşkil edib.
“ABŞ-ın korporativ maraqları üçün Avropa – bazar, aktivlər mənbəyi və inteqrasiya olunmuş təchizat zəncirlərində həyati bir həlqə kimidir”, – o qeyd edib.
Dombrovskis bildirib ki, Avropa Birliyi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini onun təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və buna görə də hücum halında Moskvanı çəkindirmək üçün müdafiəsini xeyli gücləndirib:
“Rusiya Prezidenti Vladimir Putinin təcavüzü, təhdidləri, mülki əhaliyə amansız raket və dron hücumları, kritik infrastruktura hibrid hücumları və s. təkcə ağır cinayətlər və mənəvi təhqirlər deyil, həm də biznes üçün zərərlidir. Bu, Amerikanın xarici siyasətinə təsir edən mühüm amil hesab edilməlidir”.