Uzun müddətdir, adı qalmaqallardan düşməyən “RR Constructions” MTK barədə şikayətlər davam edir. Bundan əvvəlki illərdə Nərimanov sakinləri ilə problem yaşayan şirkətin indi də “Kubinka” və “Sovetski” sakinlərinə kompensasiya ödəməkdən imtina etdiyi bildirilir.
Qanunla.az xəbər verir ki, sakinlərin mediaya verdikləri açıqlamalara görə, “RR Constructions”nın pilot layihə çərçivəsində həyata keçirdiyi söküntü işlərinə qarşıdırlar.
Şirkət onlara istədikləri kompensasiyanı ödəmədiyi üçün vətəndaşlar kirayə qalmağa maddi imkanlarının olmadığını deyirlər.
Vətəndaşlar qeyd ediblər ki, “RR Constructions” onlarla bağladığı müqaviləni qanuni, notarial qaydada təsdiqlətmələrinə icazə vermir. Şirkət rəhbərliyi vətəndaşlarla müqaviləni yalnız şirkət daxilində imzalayacağını bildirib.
Buna etiraz edən sakinlər bir neçə gün öncə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər. Onların bəziləri, hətta evlərinin təmirli olduğunu, həmin ərazidən köçmək istəmədiklərini bildiriblər. Məsələni aydınlaşdırmaq üçün Pravda.az-ın əməkdaşı “RR Constructions”ın rəhbəri Rafael Abdullayevlə əlaqə yaratmağa çalışıb. Şirkət əməkdaşları R.Abdullayevlə danışmağımıza şərait yaratmayıblar.
Əməkdaşımız şirkətin Nadir adlı işçisi ilə əlaqə saxlayıb. Sözügedən şəxsin suallarımıza cavabı belə olub:
“Elə şey ola bilməz ki, sakinlərə kompensasiya verilməsin. Neçə ailə o ərazidən köçürüldü. Hamısının kompensasiyası verilib. Birinci mərhələdə azı 80-90% insan köçürülüb. Hamısının kirayə haqqı da verilib, razı qalıblar. Əgər 100 ailədən 96-sı bizim şərtlərlə razılaşıb köçüb gedirsə, deməli, ortada olan 4-5 ailənin məqsədləri var. Onlar öz məqsədlərinə uyğun danışırlar. Biri yaxınlaşıb deyir ki, beş övladım var, onlara yaşayış şəraiti qura bilməmişəm, hər birinə ev vermək istəyirəm. Halbuki 27-30 kvadrametrlik mənzilləri var. Biz də şirkət olaraq hər sakinə 5-6 ev versək, bunu heç tikə bilmərik. Yəni məsələnin görünməyən tərəfləri də var”.
Şirkətin əməkdaşı rəsmi məlumatları göndərməyi vəd etsə də, iki gündür, heç bir səs-soraq yoxdur.