12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan yeni başçıları qəbul edərkən dövlət idarəçiliyi baxımından mühüm əhəmiyyət daşıyan bir fikir səsləndirdi: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.”
Bu sadə, lakin dərin mənalı cümlə dövlət qulluğunun mahiyyətini və rəhbərlik mədəniyyətinin əsas prinsipini özündə ehtiva edir. Prezidentin bu fikri, əslində, dövlət idarəçiliyində etik davranışın, məsuliyyətin və xalqla birliyin vacibliyinə çağırışdır.
Təvazökarlıq bir rəhbərin bəzəyi deyil, onun daxili mənəvi mədəniyyətinin göstəricisidir. Vəzifə sahibi olmaq – xalqdan üstün olmaq demək deyil; əksinə, xalqın etimadını doğrultmaq, onun problemlərini dinləmək, ədalətli qərarlar vermək deməkdir. Məhz buna görə Prezident İlham Əliyev məmurların özlərini cəmiyyətdən təcrid etməmələrini, xalqla sıx əlaqədə olmalarını və sadə, səmimi davranış nümayiş etdirmələrini vacib sayır.
Dövlət başçısının təyin etdiyi hər bir rəhbər, aldığı etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır. Təvazökar rəhbər xalqın inamını qazanır, lovğa və məsafəli rəhbər isə o etimadı itirir.
Bu fikirlər həm də son illərdə ölkəmizdə aparılan kadr islahatlarının ruhuna tam uyğundur. Dövlət idarəçiliyinə gətirilən yeni nəsil rəhbərlərdən gözləntilər sadəcə peşəkarlıqla məhdudlaşmır; onlardan eyni zamanda sadəlik, şəffaflıq və xalqa yaxınlıq tələb olunur. Cənab Prezidentin bu istiqamətdəki çağırışları göstərir ki, Azərbaycan dövləti artıq məmur davranışına etik və mənəvi ölçülərlə yanaşır.
Cənab Prezident bu mövzu danışarkən bildirdi ki, “Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Prezident İlham Əliyevin bu sözləri, əslində, hər bir məmur üçün davranış kodeksi kimi qəbul edilməlidir. Hər bir rəhbər, hansı səviyyədə çalışmasından asılı olmayaraq, dövlətin etimadını, xalqın inamını və öz vicdanının səsini daim yadda saxlamalıdır.
Nəticə etibarilə, “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” fikri bir tövsiyə deyil — bu, müasir Azərbaycan məmurunun fəaliyyət fəlsəfəsini müəyyən edən dövlət prinsipidir.
Təvazökar, məsuliyyətli, xalqa xidmət edən rəhbər – güclü, ədalətli və etibarlı dövlətin ən mühüm dayağıdır.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru




















