image-qanunla-reklam
image-3b28f716e130f58fe340163322f622aa_17754725715856337280_1200x630

Regional sabitliyin əsas sütunu

image-lady-day-az

 Regional sabitliyin əsas sütunu

 Azərbaycan və Gürcüstan uzun illərdir ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın təmin olunmasında aparıcı rol oynayan dövlətlər kimi çıxış edirlər. İki ölkə arasında formalaşmış münasibətlər yalnız coğrafi yaxınlıqla deyil, həm də qarşılıqlı etimad, siyasi dəstək və ortaq maraqlarla şərtlənir. Bu baxımdan Azərbaycan–Gürcüstan əlaqələri region üçün nümunəvi strateji tərəfdaşlıq modeli hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana son dövlət səfəri bu münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi dialoqun genişləndirilməsi, regional təhlükəsizlik məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olmuşdur. Tərəflər bir daha vurğulamışlar ki, qarşılıqlı dəstək və koordinasiyalı fəaliyyət regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan–Gürcüstan tandeminin əhəmiyyəti daha da artmışdır. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından hər iki ölkənin ortaq maraqları mövcuddur. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı funksiyasını yerinə yetirməsi, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini daha da gücləndirir.

İqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi və biznes əlaqələrinin inkişafı iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərir. Gürcüstanda mövcud olan əlverişli sərmayə mühiti Azərbaycan investorlarının bu ölkəyə marağını artırmışdır. Bu günə qədər Azərbaycanın Gürcüstan iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə yatırması tərəfdaşlığın iqtisadi əsaslarının möhkəm olduğunu təsdiqləyir. Tərəflər gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanlarını da nəzərdən keçirirlər. Bu isə əməkdaşlığın coğrafiyasının genişlənməsinə və yeni iqtisadi perspektivlərin yaranmasına şərait yaradır. Azərbaycan–Gürcüstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional təhlükəsizlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq modeli gələcəkdə də regionun sabitliyinin əsas dayaqlarından biri olaraq qalacaqdır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki