image-qanunla-reklam
image-media-1000126836-scaled-9pfhwbqgo1l5ci3krya7

Real Sülhün Qurulması- Müharibədən Barışa Doğru Yol

image-lady-day-az

Real Sülhün Qurulması- Müharibədən Barışa Doğru Yol

 

Müasir beynəlxalq münasibətlərdə sülhün əldə olunması yalnız sənədlərin imzalanması ilə ölçülmür. Əsl sülh real həyatda təhlükəsizliyin, sabitliyin və qarşıdurmanın sona çatmasının təmin olunması deməkdir. Azərbaycan və Ermənistan arasında əldə olunan sülh prosesi də bu baxımdan diqqətəlayiq bir nümunə kimi qiymətləndirilə bilər. Çünki bu sülh yalnız kağız üzərində deyil, həm də praktiki olaraq bölgədə sabitliyin bərpa olunması ilə müşayiət olunur.

Azərbaycan uzun illər ərzində işğal, etnik təmizləmə və soyqırımı kimi ağır hadisələrlə üzləşmişdir. Bu çətin dövr ölkənin suverenliyinə, ərazi bütövlüyünə və milli ləyaqətinə ciddi zərbə vurmuşdur. Lakin Azərbaycan öz gücü və siyasi iradəsi sayəsində suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir. Bu prosesdən sonra isə ən diqqətəlayiq məqam ondan ibarət olmuşdur ki, Azərbaycan məğlub olmuş tərəfə sülh təklif etmişdir. Bu addım müasir beynəlxalq siyasətdə nadir rast gəlinən və mühüm əhəmiyyət kəsb edən bir təcrübə kimi qiymətləndirilə bilər.

Ermənistanla sülh prosesi artıq müəyyən mərhələyə çatmışdır. Sülh sazişi yeddi ay əvvəl paraflanmış və tərəflər tərəfindən birgə bəyanat qəbul edilmişdir. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm hüquqi və siyasi əsas yaratmışdır. Lakin sülhün əhəmiyyəti yalnız sənədlərlə məhdudlaşmır. Ən vacib məqam ondan ibarətdir ki, bu sülh artıq real həyatda da özünü göstərir.

Hazırda Azərbaycan və Ermənistan sərhədində sakit vəziyyət hökm sürür. Atəş səsləri eşidilmir, qarşıdurmalar baş vermir və artıq insan itkiləri qeydə alınmır. Bu isə bölgədə yaşayan insanlar üçün təhlükəsizlik və sabitlik deməkdir. Sərhəddəki bu sakitlik həm də sülhün praktik nəticələrinin ən aydın göstəricilərindən biridir.

Sülhün təmin olunması yalnız iki ölkə üçün deyil, bütün region üçün böyük əhəmiyyət daşıyır. Sabitlik və təhlükəsizlik iqtisadi əməkdaşlıq, regional inkişaf və xalqlar arasında qarşılıqlı etimadın yaranması üçün yeni imkanlar yaradır. Münaqişələrin sona çatması isə resursların müharibəyə deyil, inkişaf və rifahın artırılmasına yönəldilməsinə şərait yaradır. Azərbaycan və Ermənistan arasında əldə olunan sülh təcrübəsi beynəlxalq ictimaiyyət üçün də mühüm nümunə hesab oluna bilər. Müharibədən sonra sülh təklif etmək, dialoq və sabitliyə üstünlük vermək beynəlxalq münasibətlərdə münaqişələrin həlli üçün vacib modeldir. Bu proses göstərir ki, güclü siyasi iradə, qarşılıqlı anlayış və sülhə yönəlmiş yanaşma olduqda uzun illər davam edən münaqişələri belə aradan qaldırmaq mümkündür.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki