image-qanunla-reklam
image-media-resize-mefsuqh932bnz1067wcy

Rayonun infrastrukturu

image-lady-day-az

Rayonun infrastrukturu

Zəngilanın təbiəti və relyefi bu ərazini həm iqtisadi, həm də strateji baxımdan mühüm mərkəzə çevirmişdir. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çaylar keçir. Ərazidə tikinti daşı, qara mərmər, qızıl yataqları və əhəng kimi faydalı qazıntılar mövcuddur. Rayonun iqtisadiyyatı tarixən kənd təsərrüfatı yönümlü olmuş, burada 29 kolxoz-sovxoz, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmişdir. Zəngilan həm də dəmir yolu xətləri üzərində yerləşdiyi üçün mühüm nəqliyyat qovşağı rolunu oynamışdır.

1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün mühasirədə qaldı. Rayonun qəhrəman sakinləri son nəfəsinə qədər vuruşaraq, 235 şəhid və itkin verməklə Azərbaycanın müxtəlif bölgələrinə sığınmışdılar. Bu faciəvi hadisə Azərbaycan tarixində xalqın əzmkarlığının, milli birliyinin simvoluna çevrildi. İşğal dövründə erməni vandalizmi nəticəsində Zəngilanın yüzlərlə tarixi-dini abidəsi dağıdılmışdır. XVII əsrə aid İmam Hüseyn məscidi, XIV əsr Məmmədbəyli türbəsi, Bartaz Qız qalası və Şərifan abidələri kimi nadir memarlıq nümunələri məhv edilmişdir. Lakin bu abidələrin hər biri Azərbaycan mədəniyyətinin əvəzsiz hissəsi olaraq dövlət səviyyəsində bərpa edilir.

2020-ci il 27 sentyabrında başlayan Vətən müharibəsinin 24-cü günündə –                            20 oktyabrda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bu tarixi hadisə nəticəsində rayonun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran sərhədi 132 kilometr uzunluğunda tam bərpa olundu.

Zəngilanın azad edilməsində xüsusi şücaət göstərmiş 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman övladlarına verilən ən ali dövlət təltiflərindən biridir.

Zəngilan azad olunduqdan dərhal sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində bərpa və quruculuq işlərinə başlanıldı. Azərbaycanın ilk “Ağıllı kənd” layihəsi məhz burada – Ağalı kəndində həyata keçirildi. Müasir enerji texnologiyalarına əsaslanan bu kənd dünyanın ən qabaqcıl ekoloji yaşayış məkanlarından biridir. Günəş panelləri, hidravlik turbinlər, bioloji su təmizləmə sistemi və yüksək sürətli GPON internet şəbəkəsi burada dayanıqlı inkişaf modelinin təməlini qoyur.

Zəngilan həm də “yaşıl enerji” konsepsiyasının tətbiq olunduğu bölgələrdəndir. Burada 2024-cü ildə açılmış “Zəngilan” və “Şayıflı” Su Elektrik Stansiyaları ekoloji baxımdan təmiz enerji təmin edir. Bu addımlar Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” elan edilməsinin praktiki təzahürüdür.

Zəngilan rayonu mühüm nəqliyyat qovşağı kimi formalaşmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və Zəngilan-Horadiz avtomobil yolu regionun nəqliyyat əlaqələrini bərpa etməklə yanaşı, Zəngəzur dəhlizinin tərkib hissəsinə çevrilir. 2022-ci ildə istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı isə həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Zəngilanda kənd təsərrüfatı sahəsində “Dost Aqropark” kimi iri layihələr icra olunur. Türkiyə ilə birgə yaradılmış bu aqropark 100 milyon dollarlıq sərmayə ilə 500 nəfəri işlə təmin edir, regionun iqtisadi potensialını artırır və “Made in Qarabağ” brendinin formalaşmasına xidmət edir. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi bu gün həm dini mərkəz, həm də mədəni irsimizin simvoludur. XIX əsrə aid bu məscidin bərpası Azərbaycanın işğaldan azad olunmuş ərazilərində milli-mənəvi dəyərlərin bərpasına verilən önəmin bariz nümunəsidir.

Turizm sahəsində də Zəngilanın potensialı genişlənir. 2024-cü ildə açılan “Ağalı” hoteli və süni göl sahilində yaradılmış ekoturizm obyektləri bölgəni cəlbedici turizm istiqamətinə çevirir. Bu gün Zəngilan təkcə bir rayon deyil, həm də Azərbaycan xalqının qələbə rəmzidir. İşğaldan azad edilmiş bu torpaqlarda dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq işləri, sosial-iqtisadi inkişaf layihələri və müasir şəhərsalma siyasəti Azərbaycan dövlətçiliyinin qüdrətini nümayiş etdirir.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki