QUBADLI ŞƏHƏRİ MÜASİR FORMADA VƏ GÖRKƏMLİ ŞƏKİLDƏ YENİDƏN BƏRPA OLUNACAQ!
İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycan tarixinin zirvə nöqtəsi oldu. 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü bərpa edən 44 gündə yazılan şanlı tarix Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi. Çünki, 44 günlük Vətən müharibasində qazandığımız Zəfər bizə milli qürurumuzu və Müzəffər xalq kimi gələcəyə inamla addımlamağımızı bəxş etdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlub olduğuna rəsmən imza atmalı oldu. Nəticədə işğal altında olan torpaqlarımız yağı düşməndən azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2020-ci ilin sentybarın 27-də başlanan Zəfər tariximizin 29-cu günü Qubadlının azad olunması ilə nəticələndi. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyərək qazilərimizə Allahdan şəfa diləyirik.
Qubadlının azad edilməsindən sonra cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bu torpaqlara səfər ediblər. Hər səfər bir mərhələnin, bir inkişaf dövrünün təntənəsi kimi tarixə yazılıb. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də – Qubadlının azad edilməsinin ildönümündə rayon ictimaiyyəti ilə görüşdülər. Dövlət başçısı bu səfər zamanı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlini qoydu. Həmin gün “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bu səfər Qubadlıda dövlətin bərpa planlarının başlanğıcı, yeni həyatın təməl daşı oldu. Cənab Prezident İlham Əliyev 2022-ci il oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu. Həmin gün dövlət başçısı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələrini təqdim etdi, “Azərişıq” ASC-nin 35 kV-luq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinə qatıldı. Bu layihələr Qubadlının gələcək iqtisadi və enerji təhlükəsizliyinin əsasını qoydu. 2023-cü il mayın 4-də cənab Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın və 600 şagird yerlik məktəbin təməlini qoydu. Həmin səfər zamanı Xınalıq, Mahruzlu və Zilanlı kəndlərinin bərpasına da start verildi.Birinci mərhələdə Xınalıqda 356, Mahruzluda 145, Zilanlıda 159 fərdi evin tikintisi nəzərdə tutuldu. Bu səfərlərin hər biri Qubadlının taleyində bir dönüş nöqtəsidir.
Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi qeyd olunması, bu torpaqların dövlət yaddaşında əbədi yaşadılacağının rəsmi təsdiqidir. Bu gün Qubadlıda tikilən hər bina, salınan hər yol, ucaldılan hər abidə mübarizənin, inamın və qürurun simvoludur. Burada həyat yenidən başlayır, Böyük Qayıdışın nəfəsi hər qarış torpaqda hiss olunur. Bu gün Qubadlı azadlıq uğrunda şəhid olanların xatirəsi, qayıdan insanların sevinci, gələcək nəsillərin ümididir. Bu şəhərin adı bu gün Azərbaycan tarixində əbədi Zəfər səhifəsi kimi yaşayır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov






















