Qubadlı rayonu tamamilə işğaldan azad oldu
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qubadlı rayonundan olan məcburi köçkünlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə rayonun bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, sosial obyektlər, mədəniyyət obyektləri, məscidlər, körpülər, həmçinin bütün infrastruktur tamamilə yerlə yeksan edilib. Ermənistan Qubadlı rayonunda misilsiz vandalizim aktları ilə yanaşı müharibə cinayətləri də törətmişdir. Belə ki, xaricdən gətirilən ermənilər rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Bu isə Cenevrə konvensiyalarına görə müharibə cinayətidir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş hesab olunur.
Qubadlı rayonu 27 il iki ay erməni işğalında qaldı. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin 28-ci günü 44 günlük hərbi əməliyyatların gedişatında növbəti əhəmiyyətli dönüş nöqtəsi oldu və Qubadlı azad edildi. Rayonun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürüldü və 25 oktyabr tarixində şəhər işğaldan azad edildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edən bir əməliyyat olmuşdur. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Qubadlının azadlığı, əslində, müharibənin sonrakı mərhələsində Zəngilan–Laçın–Şuşa istiqamətində əməliyyatların uğurla davam etdirilməsinə yol açdı. Beləliklə, Qubadlı əməliyyatı həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın Qələbəsinə aparan əsas mərhələlərdən biri oldu.
2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağı qürurla qaldırılıb. İşğaldan azad olunduqdan sonra Qubadlıda tamamilə yeni inkişaf mərhələsi başlayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli siyasət nəticəsində 2021-ci ildə “Qubadlı” yarımstansiyası istifadəyə verilib, Qubadlı–Şükürbəyli enerji xətti çəkilib və bölgə sürətli internetlə təmin edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabr tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı”nı təsdiq edib. Plana əsasən, Qubadlıda 47 mindən çox əhalinin məskunlaşması, “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyası əsasında yeni infrastrukturun yaradılması nəzərdə tutulur.
Hazırda Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Mahruzlu kəndində 190 ev, Zilanlıda isə 159 evin inşası planlaşdırılıb. Gələcəkdə bu kəndlərdə təxminən 3 minə yaxın sakin məskunlaşacaq.
Prezident cənab İlham Əliyevin Qubadlıya etdiyi çoxsaylı səfərlər – bayrağın ucaldılması, enerji və sosial obyektlərin açılışı, yeni məktəb, xəstəxana və inzibati bina təməllərinin qoyulması dövlətin bu bölgənin bərpasına verdiyi strateji əhəmiyyəti göstərir.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə
























