image-qanunla-reklam
image-17418549872300721958

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib

image-lady-day-az

Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib

Azərbaycan bu gün  dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son illər həyata keçirilən xarici siyasətin təhlilinin ümumi mənzərəsindən də tam aydın olur ki,  Azərbaycan nəinki Cənubi Qafqaz, həmçinin Avropa  və dünya məkanında fəal aktora çevrilib. Bu mövqe həyata keçirilən  siyasi-hüquqi, iqtisadi islahatların  nəticələrinə və bunun əsasında təşəkkül tapmış siyasi naliyyətlərə söykənir.

Bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Son illər ölkəmizin əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir və xarici siyasətdə regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır. Bütün bu nailiyyətlər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində baş vermişdir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, nüfuzu ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının say və təmsilçilik səviyyəsində də özünün aydın ifadəsini tapır. Müxtəlif ölkələrin təmsilçilərinin Azərbaycanda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etmələri bir tərəfdən ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanmasından, digər tərəfdən isə hər bir sahədə təkmil təcrübəyə malik olmasından, reallığa əsaslanan yanaşmaları ilə mövcud problemlərin həllinə dəstəyindən irəli gəlir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə diqqətdədir.  Cənab Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda dövlətimizin  başçısı İlham Əliyevin   proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda  aktual məsələlərin həllinə  töhfələrin  verilməsinə diqqət yönəldildi.

Cənab İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin  və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun  olduğunu vurğuladı. Belə ki, Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 15-dək davam edəcək XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olundu. Qlobal problemlərin  ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

 

 

Ölkəmiz enerji təchizatı baxımından qıtlıqla üzləşmir.

Azərbaycan yeraaltı və yerüstü sərvətlərlə zəngin ölkədir. Yeraltı sərvətlərdən ən mühümü neft-qazdır. Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Əvvəlcə bu məsələ neftə aid idi, indi isə burada qaz sahəsi əsas söhbət mövzusudur.

Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir.

Azərbaycanın enerji təchizatı sahəsindəki mövcud vəziyyəti və ölkənin bu sahədəki strateji addımları da xüsusi önəm daşıyır. Azərbaycan, zəngin enerji resursları və geniş infrastruktura malik olmaqla, enerji təchizatının təhlükəsizliyi sahəsində qlobal qıtlıqla üzləşməyən bir ölkə kimi çıxış edir. Azərbaycanın enerji təchizatı sahəsində qıtlıqla üzləşməməsinin əsas səbəblərindən biri, ölkənin enerji ehtiyatlarının və istehsal güclərinin yüksək olmasıdır. Xüsusilə, Azərbaycan dünyanın ən iri neft və qaz istehsal edən ölkələrindən biridir və Xəzər dənizindəki zəngin hidrokarbon resursları ölkəyə enerji ixracını təmin etməyə imkan verir. Bu, Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirir və ölkənin enerji tələblərinin yerinə yetirilməsi üçün xarici asılılığını minimuma endirir.

Eyni zamanda, Azərbaycanın xarici bazarlara ixrac etdiyi enerji məhsulları, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin enerji təchizatı baxımından qıtlıqla üzləşməməsinin digər mühüm amili isə, Azərbaycanın enerji infrastrukturu sahəsində həyata keçirdiyi modernləşdirmə və diversifikasiya prosesləridir.

Son illərdə, ölkə neft və qaz kəmərlərinin genişləndirilməsi, yeni qazma və hasilat sahələrinin inkişafı, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi istiqamətində mühüm addımlar atmışdır. Bu layihələr, Azərbaycanın enerji təchizatının davamlılığını təmin etməyə, eyni zamanda, enerji resurslarının səmərəli istifadəsini artırmağa yönəlmişdir. Bu istiqamətdə, “Cənub Qaz Dəhlizi” kimi strateji layihələrin reallaşdırılması, Azərbaycanın enerji müstəqilliyini daha da gücləndirmişdir.

Bundan əlavə, ölkəmiz enerji sahəsində xarici tərəfdaşlarla olan sıx əməkdaşlıq vasitəsilə enerji tədarükü və ticarətində müxtəlif alternativ yollar açmışdır. Azərbaycan Avropa İttifaqı və digər beynəlxalq qurumlarla enerji sahəsindəki əlaqələrini inkişaf etdirir. Bu cür diplomatik və iqtisadi addımlar, Azərbaycanın enerji sahəsində möhkəm və dayanıqlı bir mövqe tutmasına şərait yaradır. Nəticə etibarilə, Azərbaycan enerji təchizatı baxımından heç bir qıtlıqla üzləşmir. Ölkə, zəngin enerji ehtiyatları, güclü enerji infrastrukturu və strateji beynəlxalq əməkdaşlıqlar sayəsində enerji təminatını tam şəkildə təmin edir və gələcəkdə də bu sahədə dayanıqlı inkişafını davam etdirir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 

 

COP29 – “Bakı sıçrayışı”

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi idi. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabıdır.

COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilmişdir. COP hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə keçirilən konfransdır. İqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarını tapmaq və bu problemlərlə mübarizə üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29-un keçirilməsi bir sıra öhdəliklərin yerinə yetirilməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini artıracaq. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq.

Beynəlxalq aləm COP29-da ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə həyata keçirdiyi layihələrlə ətraflı tanış oldu. Neft–qaz ölkəsi kimi tanınan respublikamızda ətraf mühitin yaxşılaşdırılması ilə bağlı çağırışlara yüksək səviyyədə reaksiya verildiyi də dünyanın diqqətinə çatdırıldı. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılmasının qarşıya mühüm vəzifə olaraq qoyulduğu xatırladıldı. Konfransda sürətlə bərpa olunan enerji sahələrinin yaradıldığı və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl” enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəliyin diqqətdə saxlanıldığı vurğulandı. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələrin davamlı olaraq reallaşdırıldığı da bildirildi.

COP29-da bərpa olunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail oldu. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması, eləcə də bu iqlim konfransının uğurla reallaşdırılması da məhz cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi müdrik iqlim siyasətindən qaynaqlanır. Şübhəsiz ki, bu məsələdə dövlətimizin başçısının bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayır.

Onu da qeyd edək ki, hazırda ölkəmizin əsas fəlsəfəsi həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olmaqdır. Azərbaycanın yaxın gələcəkdə “yaşıl” enerji inqilabında, eləcə də CO2 emissiyası ilə mübarizədə ön sıralarda yer alacağı da şübhəsizdir. Ona görə də tam əminliklə qeyd edə bilərik ki, COP29-a ev sahibliyinin Azərbaycana verilməsi, respublikamızın isə bu etimadı yüksək səviyyədə gerçəkləşdirməsi ölkəmizin “yaşıl” enerji sahəsində atdığı addımlara verilən dəyər – mükafatdır. Bu, eyni zamanda, Azərbaycanın fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki